Britaniya parlamentində “Xocalı Sülh Mükafatı-2017” müsabiqəsinin qalibləri ödül aldılar

 

Britaniya parlamentində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqına qarşı böyük haqsızlıq və ədalətsizlik olduğunu bildiriblər. Xocalı faciəsinə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tezliklə hüquqi-siyasi qiymət verilməsinə və bu hadisəni törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəslədikərini ifadə ediblər.
Bu il münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Britaniya parlamentinin üzvü Baronessa Varsi, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter və azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva daxil idi. Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndirilib. Münsiflər heyətinin rəyinə əsasən birinci yerə “Hərəkatın Sülhü” (Tranquillity of Movement) adlı əsəri ilə britaniyalı gənc rəssam Louisa Marriott layiq görülüb. Koreyalı gənc rəssam Tae Eun Ahn “Səhər” ( In the Morning) əsəri ilə ikinci, çinli Minq Yinq isə “Batırılmamalı” (Don`t be submerged) adlı əsəri ilə üçüncü yeri tutub. Birinci yerin sahibinə 500 funt və “Xocalı Sülh Mükafatı-2017”, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 funt mükafat təqdim edilib.

 

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:33