Bərbad teatr və repertuar siyasətində kimdir suçlu?

Hər il sentyabr ayının 15-də yeni teatr mövsümünün açılışı nədəni olaraq, Azərbaycan MTN-i (Mədəniyyət və turizm nazirliyi) hökmən toplantı keçirir və keçmiş əyyamlardan miras qalmış bir sıra xatirələri yada salır. Bunun  ardınca da guya MTN və teatrların və konsert birliklərinin analoqu olmayan inkişafla irəli getdiyi açıqlanır. Elə bu mövsümün açılışında qeyd olundu ki, 2006-cı ilin yanvarından 2017-ci ilin avqust ayına kimi 1042 adda tamaşa hazırlanıbdır. Bunun 215-ci dövlət vəsati hesabına, 827 tamaşa teatrların daxili imkanları sayəsində hazırlanıb. Həmin toplantı başlıca məram əlahəzrət “2006-cı il” rəqəmi üzərində kökləndi. 24 ildir MTN müavini vəzifəsini kürsüsünü məngirləmiş Ədalət Vəliyev ona görə həmin rəqəmə önəm verdi ki, məhz bu tarixdə Əbülfəs Qarayev MTN naziri təyin olunub. Belə çıxır ki, Ə. Qarayevdən öncə Azərbaycanda teatr olmayıb və Ə. Vəliyev də sabiq MTN naziri Polad Bülbüloğluna  müavinlik etməyib. Bu qədər diplomatikcəsinə məmur yaltaqlığı Azərbaycan hələ görməyib. Özü də harada? Söz xiridarı olan dramturqların, rejissorların, aktyorların qarşısında belə bir hesabata ehtiyac var idimi? Nədən toplantılarda teatr və bozarmış repertuar siyasəti problemlərindən danışılmır? Nə üçün gündəlik qazancları orta hesabla 4-10 manat arasında olan sənət adamlarının problemləri qabardılmır? Buna görə də effektiv teatr siyasəti yox kimidir. Bütün bunlara isə cavabdeh MTN və onun rəhbərliyidir.

Teatrda sənətdən savayı hər şey var

MTN-ə rəhbərlik edənlərin demək olar ki, heç birinin teatr, kino, rəssamlıq, musiqi üzrə təhsili yoxdur. Elə ona görə də, həmin vəzifələri məngirləmiş və bu gün mədəniyyətin feodallarına çevrilmiş əndrabadi bir zümrə formalaşıb. Onların teatrlara təyin etdikləri rəhbərlər də özlərinə bənzəyir. Buna görə də teatrlarımızda durğunluq və mürgü siyasəti strateji hədəfə çevrilib. Azərbaycandan 9 min km. uzaqda yerləşən və əhalisi bizdən 9 dəfə az olan Saxa (Yakutiya) Dövlət Opera Teatrı Gök Tanrı kultu ilə uzlaşdırılan rok operaları səhnəyə qoyur və dünyanı heyrətə gətirirlər. Müzikl janrından Musiqili Teatrın heç xəbəri yoxdur. Dövlət Akademik Milli Dram Teatrının repertuarı demək olar ki, “nekroloq” tablosuna çevrilib. “Cəhənnəm sakinləri”, “Ölülər”, “Almaz”, “Vəsiyyət”, “Xəcalət”, “Qürbətdən gələn məktublar”, “Sənətkarın taleyi”, “Şah Qacar”, “Müfəttiş” və sair əsərlər demək olar ki, zamanın ritmi ilə uyğunlaşa bilmirlər.
Məmləkətin digər teatrları demək olar daha bərbad durumdadırlar. Biz demirik ki, klassik əsərlər oynanılmasın. Ancaq, zamanın ruhu ilə uzlaşan yeni əsərlərə daha çox üstünlük verilməlidir ki, tamaşaçı axını da artmış olsun. Çağdaş teatr siyasəti estetik və sosial atributlarla dolu olan zənginliyi daha çox dəyərləndirir. Bununla yanaşı teatra aid bütün janrların konsolidasiya olunmuş modulları daha çox önəmli sayılır. Yeni bədii formalar, ekperimental isteblişmenti, sınırları və metamorfozların önəmliliyini vacib sayır. Zəif dramaturgiyanın texnologiyası ilə sunərgizi yaratmaq tam yalnış yanaşımdır. Ona görə ki, indiki “sms” təfəkkürlə yüklənmiş tamaşaçını tempo-ritmin bədii özəllikləri ilə cəlb etməyin düsturundan MTN-dəki məmurların heç xəbəri yoxdur. Məhz bunun ucbatından ildən ilə teatrlara tamaşaçıların axını azalır. Yaranmış problemi çözüm yolunu ortaya qoymaq MTN rəhbərliyinin ağlına gəlmir.  Çünki, teatr siyasətinə sorumlu olan “Teatr Xadimləri İttifaqı”, Mədəniyyət və İncəsənət Universiti və MTN təşəbbüslər irəli sürmürlər. Adını “teatrşünas” və ya “sənətşünas” qoymuş kadrlarımızın 99 faizi isə susqundurlar.

MTN-nin teatr siyasətində “İrəvan Teatrı”

Patetika bu gün nəinki teatrda, kinoda, eləcə də ədəbi əsərlərdə belə öz-özünü inkar edən formula çevrilibdir. Belə ki, XXI yüzilin sürət yüzili olması, zamanın tempo-ritmi, texnologiyanın sürətli və dəyişkən biçimdə hər an irəli getməsi faktiki olaraq, insanların psixologiyasının tərkib hissəsinə çevrilib. Ona görə də patetika bu gün qəbul olunmayan amillərdən birinə çevrilib. MTN-nın kəraməti sayəsində “İrəvan Azərbaycan Dövlət Dram Teatrı” hələ də ortaçağ düşüncəsinin içində fırfıra kimi fırlanmağa məcbur edilib. Bunun əsas suçu 17 ildir bu teatrın direktoru görəvini daşıyan əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. Özü tərəfindən yazılmış “Qurtuluş dastanı”, “Dan yeri söküləndə”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı”, “Qalx ayağa, Azərbaycan”, “Soyqırımı tarixinin dastanı”, “Böyük Turanın himni” tipli əsərləri ilə, 137 illik yaşı olan bu qocaman sənət məbədini diz üstə çökdürüb. Ölkənin dövlət başçısı olmuş və mərhum Heydər Əliyev haqqında bu qədər bayağı, dayaz və ədəbi baxımdan dəyəri olmayan tamaşalara görəsən 23 ildir hakimiyyətdə olan YAP və onun rəhbərliyi baxıblarmı? Əgər baxıblarsa, deməli YAP-ı idarə edənlər elə həmin əsərlərin səviyyəsində ilişib qalıblar. Yox, əgər onlar seyr etməyiblərsə, bu da onların ziyanınadır. Çünki, YAP-ın bir simvolu var. O, da mərhum prezident və bu partiyanın qurucusu, əbədi lideri Heydər Əliyevdir. Hətta bu tamaşaların dramturqu olmaqla yanaşı, İftixar Piriyev onların rejissoru, və xoreoqrafıdır.   
Çağdaş dünya teatrının nəhəngləri sayılan Yucin O`nil,  Bernard Uilyams, Canet Uoker, Rocers Riçard Çarlz, Moris Braun, Süzen Hlaspell, Li Strasberg, Harold Klerman, Çeril Koruford və başqa dahilər İftixar Piriyevin teatr siyasətini yürütməyiblər. Azərbaycanda  MTN-nin bir qurum kimi, bunca zəif, dayaz və cılız əsərlərin həinki dram dərnəklərində, hətta “Dövlət Teatrı”nda tamaşaya qoyulmasına “göz” yumması nə anlaşılan, nə də başa düşüləndir. Bəyənmədiyimiz keçmiş Sovetlər Birliyi dönəmində ölkə rəhbərliyi səviyyəsində “Stalin”in və “Lenin”in rollarını oynamaq üçün xüsusi komissiya yaradılardı. Oraya tanınmış tarixçilər, alimlər, dövlət xadimləri və sənətkarlar cəlb olunardı və sonda qərar verilərdi ki, həmin rolları kimlər ifa etməlidir. Bununla yanaşı, həmin şəxsiyyətlərlə ilgili yazılan pyeslər və ya ssenarilər ciddi şəkildə müzakirələrdən keçərdi. İftixar Piriyev isə, heç nəyə məhəl qoymadan bir-birinin ardınca “İrəvan Azərbaycan Dövlət Teatrı”nın səhnəsində Heydər Əliyevin rollarını ifa edir. Bu tamaşaların da dramaturqu, rejissoru, xoreoqrafı məhz özüdür. Bu rəzalətə qarşı bircə dəfə də olsun 23 ildir “müdrik”cəsinə MTN müavini görəvini daşıyan Ə. Vəliyev və nazir Ə. Qarayev elə hey susublar. Teatr tənqidinə cavabdeh olan teatrşünaslar bütün bunları görməzlikdən gəliblər. Hakim YAP  tam mürgülü durumda olubdur. Ona görə də tarixi torpaqlarımız olan və indi Ermənistan adlanan məkandan mədəni abidə kimi statusunu qoruyub saxlayan “İrəvan Azərbaycan Teatrı” dram dərnəyi səviyyəsinə enməkdədir. Bir də gözümüzü açıb görəcəyik ki, bu  sənət ocağından əsər-əlamət qalmayıb. Elə bizə düşmən siyasətini yürüdən ermənilərin də istədiyi budur.

İftixar Piriyevin cılız, dayaz və bayağı peyslərinin “poetikası”

İftixar Piriyevin ilk öncə poema şəklində yazdığı və sonradan səhnələşdirdiyi “Müstəqil vətənin memarı” əsərindəki sətrləri sayğıdəyər oxucularımızın bilməsini vacib sayırıq.

Şimşək kimi doğuldu,
Naxçıvandan cahana.

Əvvəla şimşək doğulmur, o çaxır və ətrafda yağmurlara nədən olur.

Yenilməz qala oldu,
Darda yetdi haraya.
Ağa qara demədi,
Ağ demədi qaraya.

Bu bənd şeirdə poetik fikir və duyum yox dərəcəsindədir. Bundan əlavə, sözün bədii ifadə formasına rast gəlinmir.

Müqəddəs mətləb seçdi,
Özünü oda atdı.
Oddan-alovdan keçdi,
Xalqın dadına çatdı.

Bakı, Tiflis, Ərzurum,
Tikilən qaz kəməri.
Bakıdan Avropaya
Mavi alov nəməri.

Müəllif hələ də anlamır ki, “nəmər” sözünün tək bir mənası var, o da toy-düyündə pay verilən şirni, pul və hədiyyədir. Belə çıxır ki, Azərbaycan iqtidarı və hakim YAP ölkənin təbii sərvətlərini xarici ölkələrə hədiyyə edib.

Gələndə “Heydər!” dedi,
Gəldi Zərifə xanım.
Gedəndə “Heydər!” dedi,
Getdi Zərifə xanım...

Faktiki olaraq, İftixar Piriyevin yazdığı və səhnələşdirdiyi bu əsərin nə bədii tutumu, nə də poetik anlamı demək olar yoxdur. Onun Heydər Əliyevlə bağlı yazdığı bu əsərlərdə yüzlərlə qüsurlar ortaya qoymaq olar. O zaman sual olunur ki, neçə illərdir bu qədər dayaz əsərlər dövlət teatrının səhnəsinə necə yol açıb? MTN rəhbərliyinin gözü hara baxırmış. Bəlkə, MTN-də elə İ. Piriyev kimi düşünürlər? Əgər belədirsə, məmləkətin mədəniyyət siyasətinə cavabdeh olanlar nədən bu görəvi davam etdirirlər. Bu tip dayaz əsərlərin teatra yol tapmasında Hidayət Orucovun “xeyir-dua” verməsi anlaşılan deyil. Dünyanın heç bir ölkəsində marginal teatr siyasətinə bu qədər bayağlığa rast gəlinməz.
Teatr hər bir insanın taleyinin bir parçası deməkdir. Bizlər orada yaşantılarımızla birgə duyğularımızın maskasını bir kənara qoyuruq. Çünki, ortada emosiyalarımızın yaşantısı hamının gözlə gərə bildiyi bədii yorumdur teatr. Orada kimin kim olduğu da aydıncasına görünür. Zamanla onun mifologemə çevrilməsini müşahidə edirik. Beləliklə də gerçək sənət yaranır. Teatr siyasətinin düsturunu bilməyən birisinin nədən ona rəhbərlik etməsi də anlaşılan deyil. Bu təfəkkürlə 17 ildir İrəvan Teatrında böyük bir rəzalət hökm sürür. Onun qarşısının alınması bu qocaman sənət məbədinin tək xilas yoludur. Görəsən MTN- də bu barədə nə zaman düşünəcəklər?

Ənvər BÖRÜSOY, sənətşünas

12:57