Böyük yazıçının xatirəsi anılıb

 

 

Böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin xatirəsi yad edilib. Ədibin mənzil-muzeyinin əməkdaşları Fəxri xiyabana gələrək, ədibin məzarı üzərinə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbir ədibin mənzil-muzeyində davam etdirilib.

Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Lalə Abaszadə ədibin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərdən danışıb. Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Səlman Mümtaz adına Azərbaycan Dövlət Arxiv İdarəsinin əməkdaşı, M.S.Ordubadi irsinin tədqiqatçısı Nailə Səmədova, şairə Zərəngiz Mansurova, ədibin yaxın qohumları Həqiqət Məmmədova, Aybəniz Babayeva və başqaları yazıçının əsərlərinin bu gün də gənc nəsil üçün örnək olduğunu bildiriblər. Ədəbiyyatımızda “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” və digər tarixi romanlar müəllifi kimi adı dillər əzbəri olan böyük ədibin xatirəsinin ürəklərdə daim yaşayacağını söyləyiblər. Sonda böyük yazıçının əsərlərinin, ayrı-ayı dövrlərdə dərc edilən kitablarının sərgiləndiyi guşəyə baxış keçirilib.

Xudaferin.eu

17:24