Böyük iqtisadi amnistiya: Ölkəni böhrandan çıxara biləcək?

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. Layihənin beynəlxalq təcrübəyə əsaslanaraq hazırlandığı bildirilir. Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”ndə 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə vergi amnistiyasını nəzərdə tutan sənəd layihəsinin müzakirəsi gözlənilir. Sənəd layihəsində nəzərdə tutulur ki, növbəti ilədək vergi borcu olanlar 2017-ci ilin yanvar ayında 30, fevral ayında 50, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsini ödəməkdən azad olunacaq. Ekspertlərin qənaətincə, bu onu deməyə əsas verir ki, müzakirəyə təqdim olunan sənədin icrası növbəti ilin 1-ci rübündə gözlənilən büdcə böhranının qarşısının alınmasına yönəldiləcək. Sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılmasından daha çox vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının əsas hisssəsinin ödənilməsinin təmin olunmasına xidmət edəcək.

İqtisadçı-alim Vüqar Bayramov açıqlamasında, vergi amnistiyasının tətbiq edilməsinə dair təklifi bir müddət əvvəl hökumətə təqdim etdiyini deyib: “Ölkədə həm maliyyə, həm vergi amnistiyasının tətbiqinə ehtiyac var. Vergi amnistiyası bir sıra vergi borclarının bağışlanmasını nəzərdə tutur. Eyni zamanda vergi amnistiyası vergini müəyyən etməsinə güzəştin verilməsini nəzərdə tutur. Tutaq ki, sahibkar verginin 80 faizini ödəyir, 20 faizinə güzəşt tətbiq edilir. Yaxud sahibkarın vergi borcu var, ancaq onu qaytara bilmir. Həmin vergi borcuna güzəşt tətbiq edilir və sahibkardan həmin borc alınmır. Amnistiyanın tətbiq edilməsi vacibdir. Hesab edirəm ki, onun icrasının təşkil edilməsinə ehtiyac var. Bəzən deyirlər ki, vergi amnistiyası büdcə daxilolmaların azalda bilər. Bu fikirlə razı deyiləm. Çünki vergi amnistiyası büdcəyə daxilomalara təsir göstərməyəcək. Adətən, amnistiya ölmüş və geri qaytarıla bilməyən borclara tətbiq olunduğu üçün vergi amnistiyası tətbiq olunan borcları onsuz da dövlət büdcəsinə almaq mümkün deyil. Bu kontekstdən vergi amnistiyası nəticə etibarilə büdcə gəlirlərinə mənfi təsir göstərmir. Əksinə, bu imkan verə bilər ki, amnistiyanın tətbiq edilməsi nəticəsində sahibkarlar onları narahat edən borclardan azad olsun. Əvvəla borcdan azadolma sahibkara fəaliyyətini genişləndirməyə imkan verəcək. Həmçinin sahibkar vəsaitinə qənaət edə biləcək ki, bu da vacibdir”.

“Borcların silinməsi dövlət üçün əlavə xərc yaratmır”

Ekspertin əlavə edib ki, xüsusən əvvəlki illərdə hesablanmış, amma ödəmə qabiliyyəti zəif olan sahibkarlara güzəştlərin tətbiq edilməsinə ehtiyac var:“Amnistiya sahibkarlığın inkişafını stimullaşdıra biləcək. Borcların silinməsi dövlət üçün əlavə xərc yaratmır. Sözsüz ki, amnistiya borcu olan sahibkarlar üçün məqbuldur. Əgər  borcu olan sahibkarlar bu güzəştdən yararlana biləcəksə, təbii ki, bu zaman onların borc yükü azaldılacaq”.
İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, sənəd layihəsində müəyyənləşdirilmiş vaxt çərçivəsi və faiz dərəcələri mikro maliyyə imkanları, müəssisələrin iqtisadi durumu, eləcə də borclu vergi ödəyiciləri üzrə risk qrupları nəzərə alınmadan hazırlanıb: “Yeni iqtisadi gerçəkliyin tələblərini və borcların diferensiallaşması imkanlarını özündə əks etdirmir. Odur ki, bu yanaşma xüsusilə də iri məbləğli şübhəli və ümidsiz borcların geri qaytarılmasında səmərə verməyəcək. Amma istənilən halda bu qərarı iqtisadiyyatın liberallaşdırılması istiqamətində addım kimi qiymətləndirirəm. Onu da qeyd edim ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Məclisinin bu ilin yanvar ayının 31-də qəbul edib, hökumətə təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nin “Vergi-tarif və fiskal islahatlar” bölməsinin 4.1.-ci maddəsində vergi cərimələri hesablanan vergi ödəyicilərinin əlavə yüklərinin azaldılması vergi amnistiyasının verilməsi təklif olunurdu. Hesab edirəm ki, daha düzgün yanaşma ümumi vergi amnistiyası yolu ilə müxtəlif borc öhdəliklərinə fərqli və diferensial yanaşmanı özündə əks etdirən bəzi borcların sıfırlanması, digərlərinin isə mərhələli silinməsi olardı. Eyni zamanda amnistiya üçün ayrılmış 3 aylıq müddət çərçivəsi də adekvat hesab edilə bilməz. Çünki, iqtisadi böhran şəraitində maliyyə resurslarının səfərbər edilməsi üçün daha çox zaman tələb olunur”.

Yeganə Oqtayqızı
Cebhe.info

15:46