Böyük Britaniya Avropa İttifaqına milyardlarla avro ödəmək niyyətində deyil

 

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmasına görə bu quruma kompensasiya üçün iri pul vəsaiti ödəməyəcək.

Bu barədə Birləşmiş Krallığın ölkənin Aİ-dən çıxması məsələləri üzrə naziri Devid Devis ITV telekanalında Londonun Brüsselə 50 milyard avro ödəyəcəyi barədə yerli KİV-lərdə dərc olunan informasiyaları şərh edərkən bildirib. “Əslində bizə Avropa Komissiyası tərəfindən belə bir tələb irəli sürülməyib, - deyə Devis bildirib. – Bu barədə mövqeyimiz çox sadədir: biz qanunsevən ölkə olduğumuz üçün bütün öhdəliklərimizi yerinə yetirəcəyik. Lakin bizim tərəfimizdən hər hansı iri pul vəsaitinin ödənilməsi gözlənilmir”.

Bir qədər əvvəl Britaniya KİV-lərində dərc olunan məlumatlara əsasən, Avropa İttifaqının “brexit” üzrə əsas vasitəçisi Mişel Barnyö hazırda Böyük Britaniyanın həyata keçirmədiyi öhdəliklər üzrə 50 milyard avrodan 60 milyard avroya qədər təzminat ödəməsini London və Brüssel arasında sövdələşməyə daxil etmək üçün işlər aparır. Burada söhbət əsasən Aİ ölkələrində yaşayan britaniyalılara pensiya verilməsi, kreditlər üzrə zəmanətin təqdim olunması və digər ehtiyacların ödənilməsindən gedir. Bu məbləğin dəqiq müəyyən edilməsi Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında danışıqların əsas mövzusu olacaq.

Xatırladaq ki, martın 29-da Böyük Britaniya hökumətinin başçısı Tereza Mey ölkənin Aİ-nin tərkibindən çıxması prosesinin rəsmən başlaması barədə Avropa İttifaqının hakimiyyət dairələrini xəbərdar edib.

Xudaferin.eu
“Aveopa Bürosu”

06:04