Bostonda yaşayan azərbaycanlı qız

Amerika Birləşmiş Ştatları azadlıq aşiqlərinin həsəd apardıqları, rahat yaşamaq üçün münasib bildikləri ölkələrdən biridir. Burada bilik və bacarıqların hesabına uğur qazanmaq, xoşbəxt gələcək qurmaq üçün heç bir məhdudiyyətin olmadığını düşünənlər də az deyil. Amma bu da bir həqiqətdir ki, təzə gələn hər bir insan, bu ölkədə həyatını yenidən qurmalı, necə deyərlər, 0-dan başlamalıdır. Bəli, burada qısa zamanda uğur qazanmaq hər adamın hünəri deyil. Bunun üçün əzmkarlıq, böyük iradə, yorulmadan çalışmaq lazım gəlir. Ümumiyyətlə, Amerikada rahat yaşamaq üçün ya çox ağılı olmalısan, ya da ki, çox işləməyi bacarmalısan...

Bu gün sizə ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində məskunlaşan Xədicə Aşurova haqqında söhbət açmaq istəyirəm.

Deyir ki,- “İkinci dəfə müraciətdən sonra “Green card” udanda sevincimin həddi-hüdudu yox idi. Doğrudur, valideynlərim Amerikaya getməyimə razı deyildilər, amma sonda çətinliklə də olsa onlardan razılıq aldım”...

O, Bakıda dünyaya gəlib. 2011-ci ildə orta təhsilini 100 nömrəli məktəbdə başa vurub. Sonra dörd il Xəzər Universitetinin psixologiya fakultəsində təhsilini davam etdirib. Universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə “Parabank”da, 2017-2018-ci illərdə “Sinteks” MMC-də insan resusları üzrə mütəxəssis vəzifəsində çalışıb. 2018-ci ilin aprel ayından Bostonda yaşayır…

…Atası Qulu Aşurov müfəttiş, anası Məlahət xanım isə müəllim işləyir. İbrahim adlı bir qardaşı var. Hazırda Azərbaycan ordusunun əsgəridir…

Xədicə Amerikaya gələndən sonra bir il tam təqaüdlə “Year Up” özəl təhsil müəsissəsində oxuyaraq, maliyyəçi ixtisasına yiyələnib. 2019-cu ilin avqust ayından “JPMorgan Chase & Co.” kooperativ bankında maliyyə hesabatı üzrə mütəxəssis vəzifəsində çalışır…

Arzuları çoxdur. Ən böyük arzusu isə Bostonda yaşayan azərbaycanlıları bir araya gətirməkdən ibarətdir. “Year Up”-da iki dəfə çıxış etsə də, indi də “TEDx” proqramında Azərbaycan-Amerika standartlarını müqaisə edərək həyatda etməli olduğumuz seçimlər barəsində, qarşılaşdığımız fürsətləri dəyərləndirmək və dəyişikliklərə açıq olmaq haqqında amerikalılara danışmaq istəyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. İndiyədək bir sıra ölkələrdə olub…

Deyir ki,- “Sözüm ABŞ-a gəlmək istəyən azərbaycanlı gənclərədir. Heç nədən çəkinməsinlər, gəlsinlər. Amma qazanc məqsədi ilə deyil, xoşbəxt olmaq üçün gəlsinlər”…

Xədicə Bostona gələndə cəmi iyirmi dörd yaşı var idi. Gənc bir qızın kapitalizmin amansız qaydalaranın hökm sürdüyü, ucu-bucağı görünməyən, insanları bizdən fərqli düşünən nəhəng bir dövlətdə qısa müddətdə özünü təsdiq etməsi əsl möcüzədir…

Bəli, bu gün ölkəmizi tanımayan, onun mövcud olduğundan xəbərsiz olan əksər amerikalılar vaxt gələcək ki, Xədicə Aşurova kimi soydaşlarımızın səyi, uğurları nəticəsində Azərbaycanın necə gözəl, azərbaycanlıların necə istedadlı, bacarıqlı olduğunu yaxşı biləcəklər…

Elman Eldaroğlu

xudaferin.eu

09:21