Borçalıda Azərbaycan Türklərini fars adlandıran tarix müəllimi işdən qovuldu

 

Gürcüstanda Azərbaycan Türklərinə məxsus Borçalı vilayətinin Marneuli rayonunun 5 saylı beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib.

Şagirdlər N. Bakuradzenin dediklərini mobil telefona çəkiblər. Məhz bundan sondan sonra, müəllimin dedikləri "Facebook” səhifəsində paylaşılaraq social şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı təhsil işçiləri, "Facebook” istifadəçiləri və digərləri N. Bakuradzenin dediklərinə mənfi reaksiya veriblər.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev məsələ barədə Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verdiyini, N. Bakuradze barəsində ölçü götürülməsini tələb etdiyini bildirib. O, Gürcüstanın Borçalı vilayətində öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızı təmkinli olmağa və kiminsə səhv hərəkətini ümumiləşdirməməyə çağırıb: "Hər kim olursa-olsun, istər gürcü, istərsə azərbaycanlı, hər kəs dini və milli zəmində fikirlər söyləyərkən çox diqqətli və ehtiyatlı olmalıdır”.

Qeyd edək ki, Gürcüstan Təhsil Nazirliyinin Marneulidəki 5 nömrəli məktəbin rəhbərliyi ilə müzakirələrinin nəticəsi olaraq N. Bakuradze işdən çıxarılıb. Bununla yanaşı, onu da bildirmək gərəkdir ki, Gürcüstanda Azərbaycan Türklərini “fars” adlandırmaq kimi olaylar yeni deyil. “Fars” deyimi ilə, Azərbaycan Türklərinin Borçalı torpaqlarına onların gəlmə toplum olması kimi dərin hədəflər vardır. Burada əsas məqsəd “Gürcüstan gürcülər üçündür” kimi aşırı radikal milliyyətçilik siyasətini zamanla rəsmiləşdirmək hədəfidir.

 
Xudaferin.eu
Gürcüstan, “Borçalı Bürosu”

12:34