Borçalıda ana dilimizi unduruq...

“Borçalı” İctimai Birliyi Gürcüstanın azərbaycandilli məktəblərində mövcud olan təhsil problemləri ilə bağlı tədbir keçirdi

Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da, bir sıra ictimai cəmiyyətlər, o cümlədən “Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur.
Hurriyyet.org xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbəti belə tədbir Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemlərinə həsr olunmuşdu. Problemlə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi, Nazirlər Kabineti, Təhsil Nazirliyi, ali məktəb rəhbərləri, tanınmış elm və təhsil işçiləri və digər aidiyyəti qurumlar məlumatlandırılmış və bu qurumların nümayəndələri tədbirdə iştirak etmişlər.
“Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədə Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına çalışır. Borçalıda ana dilimizi  unduruq.
Tədbirdə bildirilib ki, hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və Ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır: “Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir - insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır”.
Toplantıda qeyd olunub ki, bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb: “Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!
Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!”
Tədbirdə xüsusi qeyd olunmuşdur ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.

Hurriyyet.org

11:53