Böhrandan çıxmaq üçün yaradılan şuralar nəticə verdimi?

Manatın dəyər itirməsi, iqtisadiyyatın ciddi maliyyə problemləri ilə üz-üzə olduğu bir zamanda hökumət real addımlar atmaq əvəzinə imitasiya ilə məşğuldur. Bu imitasiya tipli addımlar sırasına Maliyyə Bazarlarına Nəzarət Palatısının, Maliyyə Şurasının, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Maliyyə Monitorinq Xidmətinin yaradılmasını göstərmək olar.  Bəs bu atılan addımların bir xeyri oldumu? Bu tədbirlər gözlənilən nəticəni verdimi?

İqtisadçı Nemət Əliyev hesab edir ki, böhranla əlaqədar olaraq yaradıldığı kimi təqdim olunan qurumların fayda vermədiyini birmənalı olaraq söyləmək olar. Azərbaycan hakimiyyətinin idarəetmə strukturunu təkmilləşdirmək adı altında bir sıra qurumları ləğv etdiyini deyən N.Əliyev vurğuladı ki, bu addımları atarkən izahat belə oldu ki, idarəetmə apparatı daha da effektivləşdirilir: «Amma hər kəs gözəl bilir ki, iqtisadiyyatda gərgin vəziyyət yaranıb və artıq artan xərcləri qarşılamaq mümkün deyil. Odur ki, bir sıra qurumları ləğv edib, birləşdirdilər. Bu sıadan Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Qiymətli Kağızlar Komitəsini, Maliyyə Nazirlyində maliyyə bazarlarına nəzarət idarəsini  ləğv etdilər. Apelyasiya Şuraları yaratdılar. Guya bununla sahibkarların problemləri yerində həll olunacaqdı. Amma bir müddət keçsə də ortada nəticə yoxdur. Məlum oldu ki, Dövlət Qiymətli Kağızlar Bazarının ləğvi bu sektorda canlanma yarada bilmədi. Maliyyə Nəzərlərinə Nəzarət Palatası bankların fəaliyyətində irəliləyişə nail olmadı. Sahibkarların problemlərini həll etməli olan Apellyasiya Şuraları da fəaliyyətsiz qalıb, işə yaramayıb. Əksinə minlərlə sahibkarın bank hesabları donduruldu, onların ölkədən çıxışına imkan yaradılmadı. Sanki bu Apellyasia Şuraları sahibkarların qarşısının kəsilməsi üçün bir bəhanə oldu. Bu mənzərə onu deməyə əsas verir ki, istər idarəetmə sisteminin təkmilləşdirilməsi, istərsə də sahibkarlıq problemlərinin həlli adına, istərsə də büdcədə yaranmış gərginliklərin həlli adına yaranmış bütün qurumlar nəticə vermədi. Bank sisteminə inam daha da zəiflədi və ölkəni xarici valyuta daha sürətlə tərk etməyə başladı».
N.Əliyev onu da vurğuladı ki, böhranın dərinləşməsi əhalinin vəziyyətinin daha da ağırlaşmasına səbəb oldu.

Xəyal

11:48