BMT-də Novruz bayramı qeyd edilib

 

BMT-nin Cenevrə bölməsinin yerləşdiyi Millətlər Sarayında Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

 

Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən 21 mart - Beynəlxalq Novruz Günü elan edilib. 2017-ci il martın 21-də keçirilən açılış mərasimində BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Möller çıxış edib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb.

Baş direktor tədbirdə iştirak edən 12 ölkənin daimi nümayəndəliklərinin bu təşəbbüsünü mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq və həmrəyliyin rəmzi kimi qiymətləndirib. Novruz bayramını qeyd edən ölkələr adından Azərbaycanın Cenevrədəki BMT bölməsi yanında daimi nümayəndəsi Vaqif Sadıqov çıxış edib. Sadıqov bildirib ki, dünyanın müxtəlif bölgələrində 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir. Tədbirdə, həmçinin Azərbaycanın tanınmış muğam ifaçısı Mənsum İbrahimov konsert proqramı ilə çıxış edib.

Xudaferin.eu
“Avropa Bürosu”

10:53