Blogerin Avropa Məhkəməsinə 3-cü şikayəti göndərildi

 

14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloger Mehman Hüseynovun həbs olunmazdan əvvəl ölkədən çıxışına 3 ildən artıq yasaq qoyulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət göndərilib. Bu barədə Azadlıq radiosuna jurnalistin vəkili Zübeydə Sadıqova məlumat verib.

Vəkilin bildirdiyinə görə, sözügedən işdə yerli məhkəmələr M.Hüseynovun şikayətini qanuni araşdırmayıblar. “Həbsindən bir neçə il əvvəl heç bir qanuni əsas olmadan M.Hüseynovun ölkədən çıxışına “stop” qoyulub. “Stop”un qaldırılması üçün ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişdik. Ancaq yerli məhkəmələr bu qanunsuz qadağanın ləğv olunması ilə bağlı qərar vermədi”, – vəkil bildirib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədər isə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib. Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib. Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

Amerikaninsesi.org

10:14