“Biz də heç olmasa, kənd bələdiyyəsinə azad seçki keçirə bilsək…”

 

Türkiyədəki referendumun müzakirəsi bitmək bilmir.

Müzakirələrə qoşulan iqtisadçı-ekspert Natiq Cəfərli bunun səbəbləri barədə danışıb. O deyib ki, Türkiyə TV-ləri bizim efirin 60-65%-nə nəzarət edir, əksəriyyət Türkiyə TV-lərinə baxır və bu, ciddi problemdir:  Dünənki nəticədən sonra Türkiyə TV-lərindən bizə axan ritorika daha ziyanlı və təhlükəli olacaq. Bu da bizim hökumətin günahıdır, normal bir TV kanalı yoxdur ki, insanları cəlb etsin, müzakirə ortamı, bilgi və informasiya mənbəyi olsun. TV məkanın 60-65%-ni Türkiyəyə, 10-15%-ni Rusiyaya qapdırmışıq, hər iki tərəfdən də üstümüzə avtoritarizm, ümumbəşəri dəyərlərə nifrət səpirlər. Türkiyənin bizim TV məkanda hegemon olması hökumətə qarşı təzyiq vasitəsidir - buna görə istənilən güzəşti qopara bilirlər. İkinci, Türkiyədə seçki var, sandıq demokratiyası var, bizim millət burda görmür seçkini, səsinin sayılmasını, ona görə də Türkiyədəki seçkilərə maraq göstərir. Türkiyə bizə doğma ölkədir, təsirləri çoxdur, qardaş ölkədə baş verənlər bizə təsirsiz ötüşmür, insanlar da bunu anlayır, təhlil etməyə çalışır. Həm də, daxili siyasətdən yazmağa çəkinənlər siyasətə qarışmaq istəklərini Türkiyə haqqında yazmaqla ödəyirlər. Nə zaman ki, bizdə normal TV-məkan, heç olmasa sandıq demokratiyası, daxili problemlərin hürküsüz müzakirə ortamı olacaq, o zaman Türkiyə siyasəti bizdə bu qədər müzakirə olmayacaq. Həm də kiçik uğurlar da önəmlidir, bizim camaat təbliğatda, seçkidə kiçik uğurları görür, bu da marağı artırır. Cəmi 10 il öncə ölkədə yerli futbol klublarının çox az azarkeşi var idi, əksəriyyət "Qalatasaray"a, "Fənər"ə, "Beşiktaş"a azarkeşlik edirdi. Amma elə ki, "Qarabağ" klubumuz uğur qazanmağa başladı, kiçik qələbələr uğur hekayəsi yaratdı, "Qarabağ"ın azarkeş kütləsi də, dəfələrlə artdı. Yeri gəlmişkən, "Qarabağ"ı növbəti çempionluğu münasibəti ilə təbrik edirəm. Yəni, biz də heç olmasa, kənd bələdiyyəsinə azad seçki keçirə bilsək, kiçik uğur hekayəsi qura bilsək, öz seçkimizə azarkeşlik etməyə başlayardıq...”

Alçina Amilqızı

Cebhe.info

 

09:43