Bir sıra saytların bloklandığı bildirilir

 

Bir sıra xəbər saytlarının rəhbərləri Mətbuat Şurasının müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan ərazisində saytlarının bloklandığını bildiriblər.

Realliq.info, realliq.az, NİA.az, neytral.az, politika.az, vediinfo.az, obyektiv.org, sonolay.org, 24saat.org, ulus.az, qanunxeber.az, infoaz.org, xalqinsesi.com və aztoday.az saytlarının bloklandığı bildirilir. İndi Azərbaycanda bu saytlara yalnız proksi-serverlər vasitəsilə daxil olmaq mümkündür. Saytların kollektivləri öz hüquqlarını birlikdə müdafiə etmək niyyətindədirlər. İctimaiyyətlə əlaqələr üzrə realliq.info saytının baş redaktoru İkram Rəhimov əlaqədar şəxs təyin edilib. O, Turan Agentliyinə bildirib ki, saytların bloklanmasına Mətbuat Şurasının fəaliyyətini tənqid etmələri, siyasi məhbusları müdafiə edən nəşrləri səbəb olub.

Redaktorlar noyabrın video mətbuat konfransı keçirmək niyyətindədirlər. Mətbuat Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələlik məsələni şərh etməyib.

Bu ilin yazında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq Radiosu", Meydan.TV, Turan.TV, azadliq.info saytlarını, həmçinin "Azərbaycan saatı" verilişini bloklamışdı. Sonradan məhkəmə bu qərarı təsdiq edib. Nəşrlərin nümayəndələri apellyasiya şikayəti veriblər.
P.S. İstənilən KİV orqanının fəaliyyəti bütün inkişaf etmiş ölkələrdə qanunla tənzimlənir. Onların bağlanması məsələsində isə qərarı ancaq məhkəmə verə bilər. Azərbaycanda isə, qeyri rəsmi struktur olan Mətbuat Şurası faktiki olaraq, qeyri rəsmi şəkildə ölkə KİV-ləri üzərində diktatorluq etməklə yanaşı, həm də senzura missiyasını icra edir. Elə buna görə də ölkə KİV-ləri fəlakətli bir durumda yaşamalı olur. Çünki, onlara dövlət tərəfindən nizamlanan “KİV-ə Dəstək Fondu”ndan hər hansı bir maliyyə yardımları olunmur. Bu azmış kimi, reklam bazarına isə heç yaxın buraxılmırlar. Beləliklə də müstəqil KİV-lər ölüm kabusu ilə hər an üz-üzə qalmaq zorundadırlar. 

Amerikaninsesi.org

09:59