“Bir neçə ay sonra piştaxtalarda ərzaq məhsulları azalacaq”- İqtisadçı həyəcan təbili çaldı

İqtisadi böhran getdikcə dərinləşir. Hökumət qəbul etdiyi proqramlarla ölkə iqtisadiyyatının böhrandan çıxacağına əmindir. Lakin iqtisadçı ekspertlər o qədər də nikbin deyillər. Hesab olunur ki, böhran daha da dərinləşəcək, qıtlıq yaranacaq. REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərlinin “Cümhuriyət” qəzetinə müsahibəsində iqtisadi böhrandan tez bir zamanda çıxmağın mümkün olmadığını deyib.

“İdarəetmənin fəlsəfəsi dəyişməlidir”

- Natiq bəy, hökumət iqtisadi böhrandan çıxış yolu kimi “Yol xəritəsi” qəbul edib. Sizcə, bunun tərkib hissəsi olaraq, qarşıdakı 1 il ərzində qeyri-neft sektorunu inkişaf etdirməklə ölkəni böhrandan çıxarmaq mümkün olacaq?

- “Yol xəritəsi” sehrli çubuq deyil. Hökumətin belə bir sehrli çubuğu yoxdur ki, ölkənin illərdir yığılıb-qalmış problemlərini tezliklə həll etsin, belə bir formul da yoxdur. Təbii ki, ciddi işlər görülməlidir, bunun üçün də böyük addımlar atılmalıdır və böyük zamana ehtiyac var. “Yol xəritəsi”ndə nəzərdə tutulmuş bütün sahələrin inkişafı üçün zaman kəsiminə və vəsaitə ehtiyac yaranacaq. Yatırımlar, investisiya olmasa bu sahələrin inkişafı mümkünsüz olacaq. Gələn il bu layihələrin həyata keçirilməsi üçün maliyyə problemi yaranacaq. Hazırda da büdcənin formalaşdırılması üçün vəsait çatışmazlığı hiss olunur. Gələn il də belə olacaq. Amma nəzərdə tutulmuş işlər yerində görülsə, üstəgəl? idarəetmədə də ciddi dəyişikliklər olsa, problemlər müəyyən zaman kəsimində həllini tapa bilər. İlk növbədə idarəetmənin fəlsəfəsində dəyişiklik olmalıdır ki, iqtisadi sahədə atılan addımlar effekt versin. Həmçinin buna paralel məhkəmə islahatları olmalıdır. İş adamları üçün şəffaf məhkəmə sistemi qurulmalıdır ki, onların yaranmış hansısa mübahisəli məsələləri ədalətli həllini tapsın. Təkcə iqtisadi islahatlarla bu vəziyyətdən çıxmaq mümkün olmayacaq. “Yol xəritəsi”ndə nəzərdə tutulmuş emal sənayesi, turizm və kənd təsərrüfatı sahələri üzrə Azərbaycanın perspektivləri var. Lakin bu sahələri inkişaf etdirmək üçün böyük zaman, böyük vəsait və idarəetmə islahatları da lazımdır ki, ciddi effekt versin. Qarşıdakı bir il ərzində qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün deyil. Çünki bunun üçün “sehrli formul” yoxdur. Sadəcə? ciddi işləmək lazımdır.

“Proseslər idarəolunmaz həddə çata bilər”

- Ümumiyyətlə, hökumətin konkret addımlar atacağı nə dərəcədə inandırıcıdır?

- Hökumət çıxılmaz vəziyyətdədir. Ya ciddi islahatlara getməlidir, ya da ölkədə iqtisadi vəziyyət o həddə ağırlaşa bilər ki, proseslər idarəolunmaz hala gəlib çıxsın. Çünki bank sektoru və ticarət dövriyyəsində ciddi proseslər gedir, iqtisadi aktivlik də kəskin şəkildə aşağı düşüb, Ümum Daxili Məhsul (ÜDM) sürətlə azalır. İlk dəfədir ki, Azərbaycanda ÜDM il ərzində 4% azaldı. Bu çox ciddi siqnaldır. Hökumətin ciddi islahatlardan başqa çıxış yolu yoxdur. Əgər hökumət müəyyən vaxt qazanmağı düşünürsə, əgər düşünürsə ki, 1 ildən sonra neftin qiymətləri qalxacaq, ölkənin valyuta problemləri həll olunacaq, o zaman bizi çox ağır durum gözləyir. Hökumət islahat üçün böyük bir vaxt itirdi. 2015-ci ildə neft sürətlə ucuzlaşmağa başlayanda ilkin addımlar atılmalıydı, amma bu zaman itirildi. Nəhayət hökumət anladı ki, neftin qiymətləri uzun müddət aşağı hədlərdə qalacaq, yenidən bahalaşma olacağını gözləmək əbəsdir. Buna görə də bu haqda düşünməyə başladılar.

“2017-ci il daha ağır olacaq”

- Sizin də dediyiniz kimi inandırıcı deyil ki, hökumət 2017-ci ildə bu işlərin hamısını görəcək, o da inandırıcı deyil ki, gömrük sistemi və digər sektorlarda monopoliya aradan qaldırılacaq. Məsələyə bu tərəfdən baxdıqda, bizi 2017-ci ildə nə gözləyir? Maraqlı bir məsələ də var ki, Türkmənistan artıq talon sisteminə keçib, bir sıra ərzaq məhsulları, o cümlədən? çörək vətəndaşlara talonla satılır. Azərbaycanı da Türkmənistanınf qibəti gözləyirmi?

- 2017-ci ilin ağır il olacağını hökumətin özü də etiraf edib. Azərbaycan gələn ilə bütün xroniki problemlərini aparır. 2017-ci il vətəndaşlar üçün heç də asan il olmayacaq. Valyuta bazarında gedən neqativ proseslər, xarici ticarət dövriyyəsinin zəifləməsi, bank sktorunda gedən proseslər deməyə əsas verir ki, vəziyyət həddən artıq acınacaqlı olacaq. Əgər Azərbaycan gələn ilə xroniki problemləriylə gedirsə, hökumət bunları 1 il ərzində həll edə bilməyəcək. Baş verənlər iş yerlərinin bağlanılmasına, insanların gəlirlərinin kəskin azalmasına gətirib çıxaracaq. Bu da idxal əməliyyatlarının kəskin zəifləməsinə səbəb olacaq ki, bu, qıtlıq yarada bilər. Bir neçə aydan sonra biz artıq piştaxtalarda ərzaq məhsullarının azalmasının şahidi ola bilərik. Əgər yaxın zamanlarda sərbəst şəkildə valyutanın ölkədən çıxarılmasına, daxildə alınıb-satılmasına şərait yaradılmasa, belə bir fəsadlarla üz-üzə qala bilərik. Heç kəs də bunu istəmir. Amma təəssüf ki, hökumət hələ də ölkənin vəziyyətinin ağır olduğunu tam dərk etmir. Əgər dərk etsəydi, iqtisadi islahatlarla yanaşı idarəetmədə də ciddi dəyişikliklərə gedərdi. Ciddi idarəetmə dəyişikliyi olduqdan sonra ölkədə iqtisadi artım olacaq. Amma hökumət hələlik idarəetmədəki problemlərə toxunmaq istəmir, ümumiyyətlə problemlərin olduğunu qəbul etmək istəmir.

Mənsur Rəğbətoğlu
Cebhe.info

15:00