“Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir”

 

Azərbaycanda Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99-cu ildönümü münasibətilə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə birliyin sədri Emin Həsənli 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. Səfir deyib: “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Osmanlı dövlətinin 1918-ci ildə ən cəsur əsgərlərini toplayıb Azərbaycana göndərməsində əsas səbəb nədirsə, bu gün də iki ölkə arasında qardaşlıq münasibətlərimizi bu səviyyədə saxlayan səbəb budur. Dünyada belə sıx dostluğa malik olan az ölkə var. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili, soyu bir olan millətik. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü də Türkiyənindir. Bu, 1918-ci ildə də belədir, həmişə də belə olacaq. Türkiyə Azərbaycanı yanında gördükcə, özünü daha güclü hiss edir. Azərbaycanın müstəqilliyini qazandığı 26 il ərzində hər iki ölkə arasında çox böyük məsafə qət edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələrində bir yerdə olmağımızın və bir-birimizə olan inamın göstəricisidir. Atatürk Mərkəzində bir araya gəlməyimiz də məhz 1918-ci ildəki şəhidlərimizin hesabınadır. Onlara Allahdan rəhmət diləyirik”.

Daha sonra tədbirdə çıxış edən natiqlər 15 sentyabr tarixinin iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəyə gəlib çatmasında mühüm rolu olduğunu qeyd ediblər.

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Türkiyə Sənayesi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Genç, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Atatürk Mərkəzinin əməkdaşı Əkbər Qoşalı, Azərbaycanın "Əsgər Anaları" Şurasının sədri, "El Gücü" Beynəlxalq Humanitar Assosiasiyasının vitse-prezidenti Leyla Gərayzadə çıxış edərək fikirlərini bölüşüblər.

Xudaferin.eu

14:11