“Binə” və “Sədərək” bağlanma yolunda: Çöküş başlayıb

Dəfələrlə “Binə” və“Sədərək” Ticarət Mərkəzlərinin bağlanması ilə bağlı xəbərlər gündəmə gəlib.Yer haqqını ödəməkdə çətinlik çəkən satıcılar kütləvi şəkildə mağazalarını bağlamaq məcburiyyətində qalıblar.Faktiki olaraq vəziyyət bu gün də belədir.Qafqazın ən böyük ticarət mərkəzi sayılan “Binə” və “Sədərək” bazarı istər topdansatış, istərsə də pərakəndə satış qiymətləri ilə ucuzluğuna görə fərqlənir.Bu bazar şəhər mərkəzlərində yerləşən ticarət mərkəzlərilə müqayisədə nisbətən ucuz sayılır. Hətta eyni adda brend mağazanın “Binə” və “Sədərək” TM-də olan filialı şəhər filialındakı qiymətlər arasında fərqlilik var. Ümumiyyətlə, topdan və pərakəndə satış baxımından “Binə” və“Sədərək” Ticarət Mərkəzləri əhali üçün əlverişli sayılır. Azərbaycanda hər gün dolların kursunun yüksəlməsi müşahidə olunur.Təbii ki, bu da alıcılıq qabiliyyətinin aşağı düşməsilə nəticələnir.Alıcı qıtlığı icarə haqqını ödəməkdə çətinlik çəkən sahibkarların qazancına da, sıradan çıxmasına da təsir edən başlıca amildir.İcarə haqqı 1400 manatdan azaldılaraq 700 manata düşsə belə, sahibkar bu vəsaiti ödəməkdə çətinlik çəkir.Sahibkarların dediyinə görə, “Binə” və“Sədərək” Ticarət Mərkəzlərilə bağlı tədbirlər görülməsə, bu obyektlərin bağlanması qaçılmazdır.“Binə” və “Sədərək”TM-nin bağlanması isə o deməkdir ki, əhaliyə xidmət göstərən topdansatış bazarı əldən çıxır.Alıcı məcburdur ki, ehtiyacını pərakəndə bazarlardan baha qiymətə təmin etsin.İndi bazar qiymətlərini tənzimləyən az-çox bu ticarət mərkəzləridir.Problemin bir başı yenə də əhaliyə dəyəcək.

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bu sahədə iki ciddi problemin olduğunu deyib: “Birinci səbəb valyutanın bahalaşması və xaricdən gətirilən məhsulların maya dəyərinin artması və qiymətlərin məcburən qaldırılmasıdır. İkinci, ən ciddi səbəb isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, gəlirlərin azalması, iş yerlərinin bağlanması, Azərbaycanda əhalini daha çox geyimdə qənaət etməyə məcbur edir. Ərzağa, dərman preparatlarına, eləcə də gündəlik tələbat mallarına xərclənən vəsaitin artması, insanların geyim tələbatlarını ödəməməyə məcbur buraxır.Əhali məcbur olub xərclərini ən azı bu istiqamətdə azaldır. Təəssüf ki, geyim mağazalarının bağlanma tendensiyasını şəhərin mərkəzində də müşahidə edirik.Mərkəzi küçələrdə geyim mağazalarının bağlanması və obyektlərin icarə elanları artıb.İnsanların gəlirləri azaldıqca, onların geyimdə qənaət etməsi halları daha da üstünlük təşkil edəcək.Bu da ticarət dövriyyəsini və gəlirləri azaldacaq.Nəticədə onsuz da yarı boş vəziyyətdə fəaliyyət göstərən “Binə” və “Sədərək” TM-nin tamamilə bağlanması gündəmə gələ bilər.Bu halda xüsusən metro çıxışlarında fəaliyyət göstərən yarmarkalarda müəyyən qədər canlanma müşahidə oluna bilər.Bu zaman da qiymət məsələsi narazılıq yaradacaq.Pərakəndə satış şəhərin içinə doğru köç etsə, qiymət artımı qaçılmaz olacaq.Nəticədə ticarət dövriyyəsində kifayət qədər azalacaq.Bu işlə məşğul olan sahibkarların gəlirlərinin azalması, bu işdən çəkinməyə məcbur olan sahibkarların sayının artımına gətirib çıxaracaq.Ölkədə işsizlik ordusu daha da artıracaq.Gəlirlər və ticarət dövriyyəsi azaldıqca bu sahədən ödənilən vergilərin həcmində də ciddi azalmalar müşahidə olunacaq”.

Yeganə Oqtayqızı
(Cebhe.info)

14:17