Biləsuvar aksiyasında həbs edilənlər vəkilsiz qalıb

 

Ötən ilin dekabrında Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin etiraz aksiyasında həbs edilənlərdən xəbər var. Onların həbs qərarından verdikləri vəsatətlərə sabah, martın 9-da Cəbrayıl rayon Məhkəməsində baxılmalıdır. Bunu vəkil Elçin Sadıqov açıqlamasında bildirib.
 

E.Sadıqov deyir ki, vəsatətlərdə bu şəxslər barədə seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilir: «Ancaq mən bu şəxslərdən Cəlal Quliyevin vəkiliyəm. Qalan 4 şəxs öz hesablarına vəkil tuta bilməyib. Həbs edilən digər 4 nəfərin də vəkilliyini üzərimə götürmək istədim, ancaq istintaq buna razı olmadı ki, yalnız bir nəfərin vəkili ola bilərəm. Odur ki, qalan 4 şəxsin vəkil problemi var».

Xatırladaq ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər. Aksiyanın ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıblar. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb. Dekabrın 24-də isə digər qəsəbə sakinləri Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı çıxarılıb.

Hurriyyet.org 

09:48