Əbil Həsən: Xaraba kənd

 

Artıq yaz gəlmışdi. Günəş öz istisi ilə torpağı qızdırdıqca onun da bədəni qızırdı. Gözlərini açıb yuvasından çıxdı. Ətrafına baxdı. Günəşin şüaları onun gözlərini qamaşdırdı. O, yenə yaşayırdı. Belə yaşamaqdan bezmişdi. Qocalmışdı.gözlərinin işığı azalmışdı. Nə dişi qalmışdı, nə də zəhəri. Ölmək istəyirdi, amma yenə günəşin istisi onu yenə həyata qaytarırdı. Aclıq onu taqətdən salmışdı. Dikəlib ətrafına baxdı. Yaxınlıqda qoyun sürüsü gördü. O, sürünə-sürünə sürüyə tərəf gəldi. Çobana yaxınlaşdı. Onu görüb tanıdı. O, ötən yaz çobanı da sancmışdı.
Fısıldayaraq dilini çıxarıb çobana yalvarmağa başladı:
-Bir daha sizi incitməyəcəyəm. Sənə yalvarıram ya mənə bir tikə çörək ver, ya da öldür. Canımı bu əzabdan qurtar, dedi.
Çoban isə:
-Mənim sənə verəsi çörəyim yoxdur. Sən ilansan ilan. Qabığını dəyişirsən, xasiyyətini isə yox. O boyda kəndi xarabaya döndərdin, indi məndən yemək istəyirsən? Get qanını mənim üstümə tökmə, deyərək onun quyruğundan tutub kəndə tərəf tulladı.

O,gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü. Evin sahibini sancaraq necə oldürdüyünü gözləri önünə gətirdi:
-Məni öldürüb balalarımı yetim qoyma.

- Kəs səsini . Sən nə bilirsən ki, mənim balalarım sənin balalarını sağ qoyacaq, deyərək dilindən sancıb onu öldürmüşdü.

Kənddə heç kim qalmamışdı.O, balaları ilə kəndin sakinlərini kənddən didərgin salıb, oranı xarabaya çevirmişdilər. Açlıq və susuzluq onu haldan salmışdı. Nə yeməyə bir şey, nə də içməyə su tapdı:
Gedim durum yolun üstündə,bəlkə kimsə məni görüb öldürə, deyərək yola tərəf süründü.

Bu yolla nə gedən vardı, nə də gələn. Xaraba kəndə kim gələcəkdi ki?

23:22