Əbil Həsən: Səfiyar əminin borcu

 

Hekayə

Səfiyar əminin evi kəndin gediş-gəliş gur olan yerində yerləşirdi. O, bundan istifadə edib, evinin həyətində balaca bir dükan tikmək istəyirdi. Bu minvalla kişi əlaqədar idarələrdən lazım olan sənədləri toplayıb, dükanının tikintisinə başladı. Dükanı tikib, lazım olan mallarla doldurub yavaş-yavaş alverə girişmişdi ki, sahə müvəkkili Ramiz özünü yetirib Səfiyar əmiyə polis “xeyir-dua”sı verərək:

- "Ağsaqqal, bəs məni niyə görmürsən"-dedi.

Səfiyar əmi isə ona:

-"Səni niyə görməliyəm ki? Kim lazım idisə onları görmüşəm. Bütün sənədlərim qaydasındadır"- dedi.

Nə isə, Ramiz çox dedi, Səfiyar əmi az eşitdi. Yazıq kişi haradan biləydi ki, sahə müvəkkili onun başına hansı oyunlar gətirməyi planlaşdırıb. Bir neçə gündən sonra səhər tezdən Səfiyar əmi tövləyə gedəndə şoka düşdü. Tövlədəki inəyinin birini yerində görməyən kişi havalandı. Gecə inəyini oğurlamışdılar zavallının. Polis şöbəsinə gedib sahə müvəkkili Ramizi axtarıb tapdı və inəyinin oğurlanmasını ona bildirdi. Ramiz isə ona:

-"Ağsaqqal, sən gəl şikayət ərizəsi yazma. Mən sənin inəyini tapacam. İnəyinin nə qədər qiyməti olardı?" - dedi.

Səfiyar əmi inəyinin təxmini qiymətini dedi. Sahə müvəkkili onu arxayın etdi ki, tezliklə inəyini tapıb gətirəcək. Bir neçə gündən sonra Ramizin maşını Səfiyar əminin dükanın qabağında dayandı. O, maşından düşüb Səfiyar əmiyə salam verib içəri keçərək:

-"Səfiyar kişi, inəyini oğurlayanları tapmışam. Onlar sənin inəyini satıblar. Mən pulunu alıb gətirmişəm" - deyib cibindən bir qalıq pul çıxarıb saydı və Səfiyar əmiyə verdi:

 “Səfiyar kişi, bu da sənin inəyinin pulu, götür. Pulun üstündən isə əlli manat götürərək:

-"Bu da sənin dükanının şirinliyi"- deyib hırıldaya-hırıldaya pulu cibinə basıb dükandan uzaqlaşdı. Səfiyar əmini isə od götürdü :

- "İndi mən elə inəyi haradan alacağam. Bilsəydim Ramizin əlli manatını verərdim" - deyərək heyfsləndi.

11:49