Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu Yalçın İmanovun vəkillik səlahiyyətlərinin bərpasını tələb edir

 

Bu barədə təşkilatın bəyanatında deyilir. Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasını dərhal insan haqları üzrə vəkil Yalçın İmanovun vəkillik səlahiyyətlərinin dayandırılması barədə noyabrın 20-də verilən qərarını ləğv etməyə və onun peşəkar vəkillik fəaliyyətinə şərait yaratmağa çağırır.

Təşkilat xatırladır ki, İmanov jurnalistlər Xədicə İsmayılova və Nicat Əliyev, habelə Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Murad Adilov kimi siyasi müxalifətçilərin vəkili olub. Vəkillər Kollegiyasının bu qərarı İmanovun müvəkkillərini təmsil etməsinə və onun hüquqi vəzifələrini tam şəkildə yerinə yetirməsinə mane olur.

“Vəkıllər Kollegiyasının əsas funksiyası hüquqşünasların maraqlarını müdafiə etməkdir. Amma Azərbaycanda hüquqşünasların qorunması və təminatları sahəsində ciddi çatışmazlıqlar var. Vəkillər Kollegiyasının hərəkətləri bir daha göstərir ki, o, müstəqil bir qurum deyil, hökumətin bir qolu kimi fəaliyyət göstərir. İnsan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edən, mənfi hallar haqqında danışan vəkillər intizam cəzalarına məruz qalır”, deyə IBAHRI həmsədri Yens Korell bildirib.

“İmanov peşə öhdəliklərini yerinə yetirdiyinə görə cəzalandırılmamalıdır. Biz cənab İmanovun vəkillik səlahiyyətlərini təcili bərpa etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.

Xatırladaq ki, noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etməyə qərar verib. Buna vəkili ictimai sabitliyin pozulmasına yönəlmiş çağırışlarda ittiham edən Penitensiar Xidmətin müraciəti səbəb olub. İmanov isə bildirib ki, həbsxanada müvəkkilinə qarşı işgəncə faktlarını yaymaqla öz vəzifəsini yerinə yetirib.

Amerikaninsesi.org

10:15