Beynəlxalq Mətbuat Azadlığı Günü məzar başında keçirilib

 

Bloger Mehman Qələndərov həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib

Bir qrup jurnalist, hüquq müdafiəçisi, vətəndaş fəalı 3 may - Beynəlxalq Mətbuat Azadlığı Gününü bu günlərdə istintaq təcridxanasında müəmmalı şəraitdə dünyasını dəyişmiş Mehman Qələndərovun qəbri başında qeyd edib. Bloger dünyasını dəyişdiyi 1 saylı Bakı İstintaq Təcridxanasının 200 metrliyindəki qəbiristanlıqda xəlvəti dəfn edilib.

Qəbrin ziyarətinə gələnlər blogerin qəbri üzərində və ya təcridxanadan görünən yerdə “demokratiya şəhidi” adlandırdıqları Mehman Qələndərovun xatirəsinə abidə ucaldılmasını təklif edib. “Burada təcridxanadan daim görünə bilən uca bir qələm abidəsi ucaldılmalıdır. İnsanlar bu abidəni ziyarət edərək heç bir hakimiyyətin Azərbaycan xalqının söz azadlığını məhdudlaşdıra bilməyəcəyinə əmin olmalıdır”, jurnalist Əvəz Zeynallı qeyd edib. Keçmiş “vicdan məhbusu” Əvəz Zeynallı da məhz 1 saylı Bakı İstintaq Təcrixanasında məhbus həyatı yaşayıb.

Turan Agentliyinin direktoru Mehman Əliyev əmindir ki, hakimiyyət söz azadlığını məhdudlaşdırmağa nail ola bilməyəcək. "Hamı bilməlidir ki, indiki texnoloji inkişaf hətta Mehman Qələndərov kimi ictimaiyyətin o qədər də yaxından tanımadığı bir şəxsi belə bir anın içərisində söz azadlığı qəhrəmanına çevirə bilir. Sözə qalib gəlmək mümkün deyil. Azərbaycan xalqı söz azadlığını hətta ən qəddar rejimlər dövründə belə şəhidlər verərək qoruyub", o qeyd edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, gələn həftə geniş ictimaiyyətin iştirakı ilə Mehman Qələndərovun anım mərasimi keçiriləcək.
 

"Xalq öz “demokratiya şəhidinin” xatirəsini əziz tutur".
 

Sonra Gülalıyev 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan ictimaiyyətinə müraciəti diqqətə çatdırıb. Müraciətdə deyilir: "Biz hakimiyyəti, öz xalqı və beynəlxalq birlik qarşısındakı söz azadlığı və insan haqları sahəsində üzərinə götürdüyü Konstitusiya və beynəlxalq öhdəliklərə riayət etməyə, Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı üçün bütün lazımi şəraiti yaratmağa, informasiyanın yayılması azadlığına qanunverici məhdudiyyətlərin ləğvinə, jurnalistlərin və blogerlərin həbsdən azad edilməsinə, bloger Mehman Qələndərovun ölümünün hərtərəfli və şəffaf araşdırılmasına çağırırıq", sənəddə deyilir.

Amerikaninsesi.org

10:32