Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü qeyd olunub

 

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilmiş və 2006-cı ildən etibarən hər il mütəmadi olaraq qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin mütəmadi olaraq davam etdirilməsinə çağırışdır.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, minalar və müharibənin digər partlamamış qalıqları hər il dünyada 10 minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olur. Münaqişə və müharibələrdən sonra tərk edilərək qalmış və uzun illər təhlükə yaradan mina və partlamamış hərbi sursatların qurbanları əsasən mülki şəxslər olur.

Azərbaycanda mina və MPQ problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. 1998-ci ilin iyul ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkədə minalarla mübarizə proqramının komponentlərini - ərazilərin mina/MPQ-lərdən təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım üzrə fəaliyyəti həyata keçirir. ANAMA fəaliyyətinin nəticəsi olaraq, bu günə kimi 398, 670, 503 m2 ərazi təmizlənmiş və 760,344 mina və MPQ zərərsizləşdirmişdir. Mina Təhlükəsinə dair Maarifləndirmə fəalliyyəti çərçivəsində 26 rayonun 1200 məktəbinin 3,635 müəlliminə 195 MTM təlimləri keçirilmiş, proqram üzrə dərslərin tədrisi təmin edilmiş, 10 rayonun 158 kəndində “MTM üzrə qrup”lar yaradılmış, proqram çərçivəsində 100,000 dərslik, 6,500 müəllim vəsaiti və 21,000-dən çox təlim plakatı paylanmışdır. Minadan zərərçəkənlərə yardım fəaliyyəti çərçivəsində mina qurbanlarının tibbi müayinəsi, onların sanatoriyalarda müalicə olunması, mina qurbanları və ya onların ailə üzvləri üçün toxuculuq və tikiş kurslarının təşkili, əlillərin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə peşə yönümlü kursların təşkili və ailələrinin gəlir əldə edilməsinə şərait yaradılması, şikəst olmuş zərərçəkənlərə əlil arabalarının paylanması, icma səviyyəli biznes təlimləri və micro-kredit dövriyyə fondu layihələri həyata keçirilir. 4 Aprel gününü qeyd etmək məqsədilə ilin əvvəlində MTM şöbəsi tərəfindən ANAMA nəzdində çalışan bütün qrup və bölmə rəhbərlərinə, supervayzerlərə tədbirlər planı göndərilmişdir. Demək olar ki, mart ayının sonundan aprel ayının 4-ə kimi əməliyyatların davam etdirildiyi və onlara yaxın cəbhəboyu və sərhədyanı rayonlarda bu tədbirlərin keçirilməsinə start verilmişdir. Bütün bu tədbirlərlə yanaşı, 4 Aprel günü proqramın əhatə etdiyi 26 rayonun 1200 məktəbində minlərlə şagird və müəllim tərəfindən də anılır. 4 Aprel tədbirlərinə ANAMA-nın əməliyyatçıları rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə Tərtər və Ağcabədi rayonlarında müxtəlif səpkili görüşlər və tədbirlər həyata keçirmişlər. ANAMA-nın Füzuli rayonunda fəaliyyət göstərən əməliyyatçıları 4 Aprel gününə həsr etdikləri bu ilki tədbirlərinə Cocuq Mərcanlı kəndində də start vermişlər. Rəsmi nümayəndələr Beynəlxalq Günə həsr edilmiş tədbirlərin səmərəliliyini və onun əhəmiyyətini bir daha vurğulamışlar. Sonda iştirakçılara müxtəlif növdə xəbərdarlıq materialları paylanmışdır.

TREND IA

06:29