Beynəlxalq bankın iflası siyasi korrupsiyanın nəticəsidir

 

“Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl Amerikanın Səsinə müsahibə verib. İqtisadçı ekspert Zöhrab İsmayıl ABB-nin müflisləşmə səbəbini bankın çirkli pulları yumaq məqsədilə Rusiya, BƏƏ kimi ölkələrdə faktiki mövcud olmayan və ya gəlir səviyyəsi aşağı olan layihələrə investisiya yatırmasında görür.

2016-cı ili hesabatına görə, ABB-nin xarici kreditorlara $3.3 milyarddan çox borcu olmasını neft qiymətinin aşağı düşməsi və neft gəlirlərinin azalması ilə əlaqələndirməyin əleyhinə olan Zöhrab İsmayıl bu borcun yaranmasını birbaşa olaraq yüksək səviyyəli korrupsiya halları ilə əlaqələndirir.
Korrupsiyada sadəcə bankın rəhbərləri deyil, oliqarxlar və hökümətin yuxarı eşelonunda oturan vəzifəlilər də iştirak ediblər. ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun restrukturizasiya prosesinin dünyada bankların sağlamlaşdırılması üsullardan biri olması fikrinə münasibət bildirən Zöhrab İsmayıl qeyd edib ki, dövlət bankın borcunu ödəsə də, ödəməsə də ABB bundan sonra əvvəlki imicini qaytara bilməyəcək.

“ABB öz etibarını itirdiyi üçün yazın müddətdə istər daxili, istərsə də xarici müştərilər bankdan öz depozitlərini çıxarmağa başlayacaq. Analoji hadisəni biz 90-cı illərin əvvəlində Kapital bankın timsalında da gördük. Baxmayaraq ki, tamamilə fərqli adamlar o bankı nəzarətə götürdü, amma insanlar həmin dövrdən bu yana artıq banka etibar etmirlər. Beynəlxalq Bankın da bundan sonra əvvəlkini imicini bərpa edə bilməsi mümkünsüz görünür.”

 

Beynəlxalq bankdan bundan sonra bank olası deyil.

Dövlətin restruksiya qərarını məsuliyyətsiz qərar hesab edən iqtisadçı ekspert qeyd edib ki, bankın borcunu öz üzərinə götürmək əvəzinə iflas olduğunu ictimaiyyətə açıqlayıb, əldə olan aktivlərin satılması hesabına borcu qaytarmaq lazım idi. Bundan sonra əlavə borc qalacaqdısa onu dövlət öz üzərinə götürməli idi. İndiki halda isə $1 milyard dollar Neft Fondunu aktivləri daxil olmaqla $3.3 milyard dollar xarici valyutanın ölkədən çıxması lazım gəlir. Bu qədər zərərin qarşılığında Azərbaycan dövlətinin nə qazanacağı bəlli deyil."

Dövlətin pulu var ki, borcu qaytara bilsin?!

Borcun qaytarılma prosesinə aydınlıq gətirən “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl, neftin qiymətinin və ya ümumi iqtisadi vəziyyətin nə olmasından asılı olmayaraq, borcu ödəməli olduğunu bildirib. Əks halda Azərbaycanın xarici ölkələrdəki aktivlərinə həbs qoyulma təhlükəsi ilə üzləşiləcək.

Zöhrab İsmayıl əlavə edib ki, yaxın 2-3 il ərzində borcun qaytarılması ölkədə xarici valyutaya tələbatı artıracaq və Azərbaycan valyuta bazarında gərginliyi gücləndirəcək. Əgər neft də indiki qiymətində qalmağa davam eləsə, o zaman manatın bazarda məzənnəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinin şahidi olacağıq. Maliyyə naziri Samir Şərifovun mayın 23-ündə Londonda beynəlxalq investorlarla görüşü gözlənilir. İqtisadi ekspert bu görüşün ödəməyə gecikdikləri və qarşıdan gələn kredit ödənişlərin hansı mərhələdə həyata keçiriləcəyi ilə bağlı razılığa gəlməyə çalışacaqlarını bildirib. Onun sözlərinə görə, dövlət beynəlxalq kreditorlara ödəmələrin vaxtının uzadılması üçün müraciət edəcək.

Azərbaycan hökumətinin hazırda ümidlərini dikdiyi Cənub Qaz Dəhlizi layihəsinə də münasibət bildirən iqtisadçı ekspert bu layihədə Azərbaycanın payının hökümətin şişirtdiyi qədər böyük bir layihə olmadığına, il ərzində ümumi qaz təchizatının sadəcə 2-3 faizə qədərini Azərbaycanın təmin edəcəyini bildirib.
“Üstəlik Azərbaycanın bu layihədəki payı üçün lazım olan vəsaitin təmin olunub-olunmayacağı sual altındadır. Bu da təxminən $5 milyard dollar pul deməkdir. Bu günə qədər Azərbaycan pulun toplanması üçün müxtəlif kreditlərə və Avrobondlara baş vurub, amma hələ də tam məbləği toplaya bilməyib.”

Zöhrab İsmayıl SOCAR-ın da maliyyə baxımından hazırda ABB-nın vəziyyətində olduğunu, lakin mütəmadi gəlirin olmasına görə hələlik iflas olmaqdan xilas ola bildiyini vurğulayıb: “Yüksək səviyyədə korrupsiyanın olduğu bu şirkətin də borcları var və artmaqda da davam edir. Gələcəkdə SOCAR-ı da Beynəlxalq bankın taleyi gözləyir.”

Amerikaninsesi.org

 

09:49