BERNAMA agentliyi: Azərbaycan beynəlxalq səviyyədə böyük dəstək qazanır

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycanın Ermənistan Ordusu tərəfindən işğaledilmiş ərazilərinin azad edilməsi ilə əlaqədar apardığı hərbi əməliyyatların beynəlxlalq səviyyədə dəstək qazanması barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə hazırda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi mövqeyini əks etdirən vacib məqamlara yer verilib. Dövlətimizin başçısnın noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev və Türkiyə, Özbəkistan və Qırğızıstanın ticarət və sənaye palatalarının rəhbərləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər malayziyalı oxuculara çatdırılıb.
Qeyd olunub ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzkarlığı müqabilində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat dünya miqyasında çox böyük dəstək alıb. BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan və özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana dəstək nümayiş etdirib. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən də Azərbaycana dəstək göstərildiyi, bu məqsədlə önəmli məqamları özündə əks etdirən bəyanatın qəbul edildiyi bildirilib.
Eyni zamanda, məqalədə Azərbaycan Prezidentinə istinad edilərək, Ermənistan-Azərbaycan müharibəsinin artıq bir aydan çox müddətdən bəri davam etdiyi, bu dövr ərzində Azərbaycanın işğal altında olan bir çox yaşayış məntəqəsinin düşməndən azad olunduğu vurğulanıb. Prezident İlham Əliyevin nitqindən aşağıdakı sitat yer verilib: “Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”.
Məqalənin sonunda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə qısa məlumat verilərək, işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonların beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığı vurğulanıb.

Xudaferin.eu

08:39