Berlində daşınmaz əmlak ucuzlaşmağa başladı

 

Berlində və Almaniyanın digər üç iri şəhərində mənzillərin qiymətləri sarıdan illər boyu müşahidə edilən trendin dəyişməsi və qiymətlərin azalmağa başlaması ehtimalı yüksəkdir. Almaniyanın daşınmaz əmlak bazarında təlatümə səbəb olmuş bu proqnoz fevralın ortalarında AFR hökumətinə təqdim edilmiş ənənəvi yaz məruzəsində əks olunub. Məruzə Almaniyanın iri şirkətlərinin və sahəvi ittifaqlarının baş birliyi - qərargahı Berlində yerləşən Daşınmaz Əmlak üzrə Mərkəzi Komissiya (Zentraler Immobilien Ausschuss, ZIA) tərəfindən hazırlanıb.

 

2010-cu ildən bəri Almaniyada mənzillərin qiymətinin sürətlə artması müşahidə olunur. O vaxtdan bu bazarda qiymətlərin kəskin azalacağı barədə dəfələrlə xəbərdarlıq edilib. Ciddi müzakirələrə səbəb olmuş bu məruzənin xüsusiyyəti ondan ibarətdir ki, sənəddə ev sahibləri və investorlar üçün hər hansı “təhlükəli nəticələr” proqnozlaşdırılmır, lakin konkret olaraq ölkənin paytaxtında “bum”un başa çatması barədə birmənalı xəbərdarlıq edilir. Artıq beş ildir ki, Berlində və Almaniyanın bəzi başqa iri şəhərlərində daşınmaz əmlak mənzillərin icarə haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə sürətlə bahalaşır. Bu fərq sonsuz arta bilməz, çünki bu halda icarəyə vermək məqsədilə mənzil alan investorlar məqbul mənfəət normasından məhrum olurlar. Ekspertlərin fikrincə, kirayə götürülən mənzillərin qiymətləri indiki səviyyədə qalsa, mənzillər ucuzlaşmağa başlayacaq. Lakin Berlində icarə haqqı durğunlaşmayacaq, bu göstərici azalacaqdır. Berlin, Münxen və Hamburq şəhərlərinə yeni sakinlər axını zəifləyib, daxili miqrantlar, ilk növbədə gənclər və bu ölkəyə gələn əcnəbilər isə icarə haqqı daha münasib olan şəhərlərə üstünlük verəcəklər. Məruzədə belə şəhərlərə nümunə kimi ölkənin qərbində Erlanqen və Regensburq, şərqdə isə Leypsiq və Rostok şəhərlərinin adları çəkilir.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

11:50