Berlində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi qeyd olunub

 

XIX əsrin əvvəlində alman icmasının Azərbaycanda məskunlaşması iki ölkə arasında hazırkı münasibətlər üçün tarixi bünövrədir

Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq klubunda Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi münasibətilə tədbir keçirilib. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun adından ziyafət verilib. Tədbiri açan səfir Ramin Həsənov 2017-ci ilin iki dövlət arasında münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını bildirərək, ölkə prezidentinin Güney Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Səfir yubiley münasibətilə Berlin Humboldt Universitetində həmin ali məktəbin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Auxun təşəbbüsü ilə “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” başlıqlı fotosərginin keçirildiyini vurğulayıb. İki ölkə münasibətlərinə toxunan R.Həsənovbirgə əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, turizm və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, AFR-in ölkəmizdəki keçmiş səfiri Haydrun Tempel iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinin və Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinin Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. O, Berlin Humboldt Universitetində açılmış fotosərgiyə Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəyin göstərilməsini Almaniya hökumətinin bu yubileyə verdiyi dəyərin göstəricisi olduğunu qeyd edib. Bildirilib ki, sözügedən sərgi Berlindən sonra Bakıda, Göygöldə, Gürcüstanda və Ukraynada açılacaq.

Azərbaycanda mövcud olan alman irsindən bəhs edən diplomat ölkəmizdəki tarixi alman məskənlərinin və abidələrinin mühafizəsi, restavrasiyası və təşviqi məqsədilə görülən işlərdən, hər iki tərəfdən irəli sürülən təşəbbüslərdən danışıb. Haydrun Tempel, həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq edildiyini, Almaniyada 1100-ə yaxın azərbaycanlı gəncin təhsil aldığını və 2017-ci ildə Bakıda Höte İnstitutunun nümayəndəliyinin açılacağını diqqətə çatdırıb.

Tədbirdə Bundestaqın deputatları, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrin və KİV-lərin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

 

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

10:23