Benelux Azərbaycanlıları Konqresinin IV Qrultayı keçirilib

Ötən gün Amsterdamda Avropada fəaliyyət göstərən cəmiyyət və təşkilat rəhbərləri, eləcə də ictimai fəallarla, Diasporla iş üzrə Dövlət komitəsinin yeni rəhbəri Fuad Muradovla görüş keçirilib.
Görüş 11:00-da başlayıb və 17:00-da yekunlaşıb. Görüşdə ölkəmizin Belçikada səfiri Fuad İskəndərov, AAK sədri Sahil Qasımov, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə də iştirak ediblər. Milli maraqlarımıza söykənən bir çox məsələlər, gələcəkdə görüləcək işlər, Avropada Azərbaycan təşkilatlarının və cəmiyyətlərinin fəaliyyətinə mane olan səbəblər, Qarabağ probleminin dünya ictimaiətinə çatdırılması toplantının müzakirə mövzusu olub. 

Qrultayda Elsəvər Məmmədov Benelux Azərbaycanlıları Konqresinin (BAK) Sədri seçilib.

Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verərək bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən, artıq Koordinasiya Şuralarının formalaşdırıldığını qeyd edən Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür. Eyni zamanda, qeyd edilib ki, Dövlət Komitəsi də birgə, kollegial qərarlara daha çox üstünlük verəcəkdir.

Toplantıda çıxış edən Hollandiya və Belçikadakı diaspor təmsilçiləri də müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq vahid şurada birləşmək və gələcək perspektivlərlə bağlı öz fikirlərini bildirib. Müvafiq Koordinasiya Şurasının yaradılması və koordinatorun seçilməsi ilə bağlı təkliflər səsləndirilib.

Beləliklə, görüşdə Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib və şuranın keçici rəhbəri seçilib.

Komitədə rəhbərlik gəncliyə etibar edilməsi yeni uğurlu layihələrin həyata keçirilməsinə ümid verir. Axı gənclik enerji və mübarizlik deməkdir.

Xudaferin.eu

15:45