Belarusda və Moldovada yaşayan azərbaycanlılar ÜAK-ın ləğv ediləcəyi ilə bağlı məlumatlardan narahatdırlar

 

Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını bildirir. Belarus azərbaycanlıları hesab edirlər ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır.

Moldova Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib. Müraciətdə ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir. Qeyd olunur ki, 2001-ci ildə Rusiya Federasiyası və Azərbaycanın dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Müraciətdə, eyni zamanda, ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır. Moldova Azərbaycanlıları Konqresi əminliklə qeyd edir ki, ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşməsinə öz töhfələrini verib.

Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyasının müvafiq qurumlarının hər iki ölkənin milli maraqlarına uyğun olaraq obyektiv və ədalətli qərar verəcəyinə ümid edir. Moldova Azərbaycanlıları Konqresi inanır ki, ÜAK-la bağlı veriləcək doğru qərar iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.

Xudaferin.eu
RF, “Moskva Bürosu”

06:13