Bədii gimnastika və batut üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, eyni zamanda, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

Trend-in məlumatına görə, bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər, qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. İştirakçılar Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport" və "Start" klubları, həmçinin Su İdman Sarayını təmsil edəcəklər.

Artıq 4-cü dəfədir təşkil olunacaq Bölgələrarası Kubokda isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt şəhərinin yetirmələri yer alacaqlar. Kubokda balacalar alətsiz və halqa ilə, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdirəcəklər.

Turnirin ən maraqlı məqamı isə son günə təsadüf edəcək. Belə ki, dekabrın 10-da “Qızıl Yaş” adlandırılmış şou xarakterli yarışlarda öz proqramlarını təqdim etmək üçün tamaşaçı qarşısına məhz məşqçilər çıxacaq. Bir neçə il öncə gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışmağa başlayan qızlar yarış meydançasında öz məharətlərini göstərərək yenidən o illərə qayıdacaqlar.

Batutçulara gəldikdə, onlar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yer alaraq fərdi proqramda mübarizə aparacaqlar. Qeyd edək ki, bu yarışlarda yerli batutçularımızla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak edəcəklər.

19:52