Bayramqabağı soyğunçuluq: bazarlar və vağzallar xalqı sümürür

Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 2,9 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,5 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Eyni zamanda, ay ərzində meşə təsərrüfatı məhsullarının qiymətləri 5,0 faiz bahalaşıb. Balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb. Komitənin hesabatından da görünür ki, ölkədə bayramqabağı bahalaşma”ceyran belinə” qalxıb. Aztəminatlı ailələr bayram bazarlığı etməyə imkan tapmır. Nazirliyin şəhərin müxtəlif ərazilərində təşkil etdiyi yarmarkalarda qiymətlər bazarlardan, supermarketlərdən fərqlənmir. Alıcılar isə sevincək yarmarkaya getdikdə başqa vəziyyətin şahidi olurlar. Onlara gah çəkidə kələk gəlirlər, gah da bazarlardan fərqlənməyən qiymətlər təklif olunur, gah da məhsulun keyfiyyəti aşağı olur. Elə ona görə də əksəriyyət yarmarkalara getməyə üstünlük vermir.

Bu qədər yol qət etməkdənsə yaxınlıqdakı bazardan və ya marketdən alırlar. Qonşu ölkələrdə, əsasən də Türkiyədə bayram ərəfəsində bazarlarda ucuzlaşma olur, yarmarkalar təşkil olunur. Ərzaq məhsulları dəhşətli dərəcədə bahalaşır. Aztəminatlı ailələr, köçkünlər, minlərlə ailə bayramda evinə, uşağına bayram bazarlığı etməlidir, hədiyyə almalıdır. Ümumiyyətlə, ölkədə bayramqabağı dəhşətli bahalaşma müşahidə olunur. Bazarlarda, yarmarkalarda, supermarketlərdə qiymətlər əl yandırır. Bir ailənin bayram bazarlığı əvvəl 80-100 manata başa gəlirdisə, indi 150-170 manatdan aşağı alınmır. Bu da son günlərdə bahalaşma dalğasının bütün sahələri bürüməsi ilə əlaqədardır. Bayramda isə qiymətlər daha da kəllə-çarxa qalxıb. Aztəminatlı ailələr, məcburi köçkünlər, minlərlə işini itirmiş, az maaşla dolanan, ünvanlı sosial yardım hesabına sürünən ailələr var ki, bayram bazarlığı etməyə imkan tapmır. Hazırda bir ailə üçün ortabab bayram bazarlığı daha da aşağı tariflə götürəndə 120-130 manat edir. Bu gün ölkədə ət, toyuq, yumurta və s. zəruri ərzaqlar almağa insanlar imkan tapmır. Bayramqabağı əhalinin narazılıq etdiyi ikinci məkan vağzallardır. bayramqabağı vağzallarda gediş haqları artırılır. Həm dəmiryol, həm də avtovağzallarda süni qiymət artımı var. İstərsə regionlardan paytaxta, istərsə də Bakıdan rayonlara gediş-gəliş xərcləri bahalaşır.
Bayram bazarlığı etməyə imkan tapmayan minlərlə ailənin cibinə girərək oğurluq etməyə bənzəyən bu qərar birbaşa məmur özbaşınalığı və prezidentə qarşı bayram təxribatıdır. Bu gün yüzminlərlə ailə bayram süfəris açmağa imkan tapmır, aztəminatlı ailələr bazarlardan bayram ərzağı ala bilmir. İnsanların güzəranı pisləşib, dolanışıq çətinləşib, xərclər artıb, bahalaşma gedib, işsizlik artıb və belə vaxtda əhaliyə bayram “terror”u yaşadan Azərbaycan Dəmir Yolları QSC ilə Nəqliyyat Nazirliyi xalqın durumunu nəzərə almır.
Hər il bayram ərəfəsində vağzallarda süni qiymət artımı müşahidə olunurdu və özbaşınalıq adi hala çevrilmişdi. Ancaq bu dəfə böhranlı ildir, hər yerdə bahalaşma gedir, manat dəyərini itirib və bu addım sadəcə, xalqa qarşı soyğunçuluqdur.

Politika.Az

08:16