Bayram Məmmədov həbsxanada aclığa başlayıb

 

Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Bayram Məmmədov iyunun 23-də aclıq aksiyasına başladığını bildirib. Bu barədə “Amerikanın Səsiradiosuna fəalın atası Fərman Məmmədov deyib.

“Bayram bu gün evimizə zəng edib. Saxlanma şəraitinin ağırlığına etiraz olaraq iyunun 23-dən aclığa başladığını bildirib. O aclıq aksiyasına başlaması barədə məktubunu müəssisənin rəhbərliyinə təqdim edəcəyini deyib”, o qeyd edib. Ata oğlunun 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü gündən tualetin yanında yerləşdirildiyini bildirib.

“Müəssisənin rəisi digər yerlər boşalanda onun yerinin dəyişdiriləcəyini vəd etsə də, bu günə qədər vədinə əməl etməyib. Bayram deyib ki, boşalan yerlər pulla digər məhbuslara satılır, onun yeri isə dəyişdirilmir”, Fərman Məmmədov qeyd edib.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir. Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyib. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Vəkil Elçin Sadıqov bu ilin aprelində Bayram Məmmədova 13 Saylı Cəzaçəkmə Müəssisəsində işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı bəyanat vermişdi. Həmin vaxt B.Məmmədov vəkili vasitəsilə açıqlamışdı ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona münasibəti çox pisdir. Gəncin deməsinə görə, ona çatdırıblar ki, Heydər Əliyevin heykəlinə şüar yazdığından daim təzyiq altında olacaq.

"B.Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim külək əsən yerdən veriblər. Müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Xəstə olduğu halda sıra baxışına çıxarılır, gəzintiyə aparılır, müəssisə işçiləri ilə birlikdə məcburi əməyə cəlb edilir, əsassız olaraq "kars"a salınıb", vəkili bildirmişdi.

Penitensiar Xidmət bununla bağlı “Amerikanın Səsi” radiosunun sorğusuna cavabda bildirib ki, cəza şəkdiyi dövrdə məhkum B.Məmmədov Cəzaların İcrası Məcəllləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin edilmiş, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur.

Amerikaninsesi.org

09:50