Başı üzərindən Gürcüstan turizminə milyonlar axan rayonun turizm məkanı

 

Son illər Azərbaycan turizm sektoruna diqqət artmaqdadır. İstər fərdi sahibkarlar, istərsə də dövlət tərəfindən aparılan işlər göz önündədir. Amma aparılan bu qədər təbliğat işlərinə, reklamlara baxmayaraq, hələ də yerli turizmə nail ola bilməmişik. Səbəb isə sadədir: turistlər üçün əlverişli şərait yaradılmayıb. Məhz bu şəraitin yaradılmaması yekunda yerli turistlərin xarici ölkələrə, ən çoxu isə təbiəti bizim təbiətə daha çox bənzəyən Gürcüstana üz tuturlar.

 

Tovuz rayonuna paytaxt Bakıdan 425, Gəncə şəhərindən isə 77 km-lik yol var. Rayona istər dəmiryolu, istərsə də avtomobil yolu ilə rahat gəlmək mümkündür. Bakı-Qazax avtomagistralının müasir tələblərə cavab verən vəziyyəti və yoldakı 90-110 km/saatlıq sürət həddi kiçik tutumlu avtomobil, mikroavtobus və böyük avtobusla 5-6 saata rayon mərkəzinə heç bir çətinik çəkmədən çatmağa imkan verir. Rayon mərkəzinə girməmiş – Tovuz çayının sol sahilində turistlərin dayanması üçün 5 ulduzlu “Ayan Palace” oteli var. Oteldə yerlərin qiyməyi 56 ABŞ dollarından başlayır. Nəzərə alsaq ki, turistlər otellərdə sadəcə gecələmək üçün qalırlar və gün ərzində gəzirlər, bu qiymət olduqca yüksəkdir, məxsusən yerli turizm üçün. Bu otel rayonda yeganədir və turistlərin seçim imkanı yoxdur. Rayonda turizmin axsayan tərəflərindən ilki budur.

Dünyaca məşhur www.booking.com saytına daxil olan turist də Tovuzda dincəlmək istəsə eyni vəziyyətlə rastlaşacaq və adətən turistlər otedə gecələyənlərin rəylərinə, qiymətləndirmələrinə də fikir verirlər. Amma “Ayan Palace” otelinin qiymətləndirilməsi yoxdur. Qonşu Gürcüstanın məşhur istirahət mərkəzlərində isə gecələmək daha ucuz başa gəlir. Burada turistlər 2 nəfərlik otaq üçün gecəsi 12-17 dollar ödəyirlər. İstirahət üçün evindən çıxıb təbiət qoynuna, tarixi məkanlara gedən turist üçün isə sənin otelindəki SPA salonunun, qapalı üzmə hovuzunun, bilyard, boulinq salonunun heç bir mənası yoxdur. Ona gün ərzində gəzib, axşam da yatmazdan öncə duş qəbul edib yatacaq təmiz yer lazımdır. WiFi və kondisioner isə onsuz da hər yerdə var: hosteldə də, 1 ulduzlu oteldə də, 5 ulduzluda da.  
Rayonun 57 km-lik Tovuz-Qaralar yolu üstündəki böyük meşə sahələri, bulaqlar, Əsrik dərəsindəki Əsrik çayı və rayonda yerləşən tarixi abidələr Tovuz üzərindən Gürcüstana istirahətə gedən turistləri bura cəlb etmək üçün gözəl fürsətdir. Amma biz nə ilə rastlaşırıq? Bir neçə il öncə əsaslı təmir olunmuş Tovuz-Qaralar yolunun bərbad vəziyyəti Əsrik dərəsindəki Ağbulaq kəndindən başlayır. Asfaltın dağılmış hissələrindən görünür ki, bu yola asfalt sadəcə görüntü xatirinə vurulub.

İstirahət mövsümü başlamasına baxmayaraq, ötən ildən qalan dağılmış yol isə hələ də bərpa olunmayıb. Bəlkə kimsə deyə bilər ki, rayon İcra Hakimiyyəti və “Azəryolservis” ASC bundan xəbərsizdir. Amma rayon rəhbərliyinin tez-tez bu məkanlara istirahətə gəlməsi və çəkiliş etdiyimiz vaxt “Azəryolservis” ASC-nin xidməti avtomobilinin ərazidən keçməsi bu deyilənlərin üstündən xətt çəkir. Yəni hər kəsin hər şeydən xəbəri var. Bu yol üzərində yaşayan sakinlərin əsas istifadəsində olan və yerli sakinlərin “Qalenvagen” adlandırdıqları “Niva”lar üçün bu yol keçilməz deyil. Amma Avropa istehsalı olan avtomobillərlə bu ərazilərə gələn turistlər çətinliklərlə üzləşirlər. Nəzərə alsaq ki, “Ayan Palace”dan bu məkanlara qədər olan məsafə 10-15 km-dir və bu da turistlər üçün əlverişli deyil. Bölgədə mövsümü hostellərin yaradılması zərurəti var.

Bir neçə il əvvəl Əsrik dərəsinin sağ və sol hissəsində çoxlu sayda bulaqlar olsa da, hazırda onların əksəriyyəti quruyub, daha doğrusu qurudulub. Səbəb isə sadədir. Əraziyə gələn turistlər sözügedən bulaqların ətrafındakı meşə zolaqlarında piknik edirdilər. Amma indi bəzi işbazlar həmin bulaqların suyunu əlçatmaz ediblər. Meşələrin içindən axaraq yol kənarına qədər gələn bulaqların istiqaməti dəyişdirilib. Qalanları isə ayrı-ayrı işbazlar tərəfindən belə demək mümkünsə işğal edilib. Çünki məhz həmin işbazların olduğu yerlərdə bulaqlardan su gəlir, amma digər yolqırağı bulaqların hamısının suyu quruyub. Bu isə istirahətə gələn insanların məhz onların işğal etdikləri bulaqlarda dayanmasına hesablanmış bir addımdır. Sərin su götürmək üçün insanlar da məhz işbazların istirahət mərkəzlərinin qarşısında dayanmağa məcbur olurlar, bu isə uzun növbələrinin yaranmasına səbəb olur. Hətta bir neçə il əvvəl bəh-bəhlə açılışı edilmiş, şəhid Mübariz İbrahimovun şərəfinə adlandırılan "Mübariz" bulağının da suyu quruyub. Bu obyektlərdəki qiymətlər də ürəkaçan deyil. 1.5 kq kabab, 2 çaynik çay, çiyələk mürəbbəsi, 2 çoban salatı ümumilikdə 40 AZN-dir. Sonda bütün ölkə boyu istirahət zonalarının bəlası olan natəmizlik məsələsinə də toxunmaq istərdik. Buradakı istirahət mərkəzlərində də insanlar yedikləri yemək qalıqlarını ətrafa atmağa, meşə zolağını, çay kənarını və bulaq başını zibilləməyə adət ediblər. Belə vəziyyətdə bir sual yaranır: biz bu qədərmi mədəniyyətdən kasad olmuşuq ki, yediyimiz ətin sümüyünü, qarpızın qabığını, suyun şüşəsini oturduğumuz yerə atırıq? Axı biz evdə ət yeyəndə sümüyü, qarpız qabığını xalçanın üstünə atmırıq, çünki mədəniyyətimiz buna imkan vermir, çünki oturduğumuz yeri çirkləndirmək bizim əxlaqımızda yoxdur. Bəs onda təbiəti niyə zibilləyirik? Ümid edək ki, dövlət başçısının hər çıxışnda Azərbaycanın turizm potensialı barədə dediklərini rayon rəhbərliyi eşidib və bu yöndə işlərin icrası üçün proqramları var və növbəti turizm mövsümünə qədər sadalanan problemlər həllini tapacaq.

Gemedia.ge

14:56