"Baş verənlər erməni xalqının ümumi faciəsidir" - Keçmiş nazir

Erməni cəmiyyəti birdəfəlik “hakimlərə” və “qurbanlara” parçalanır. Bunu özünün Yeni il müraciətində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. O, ölkəsində baş verənləri “erməni xalqının ümumi faciəsi” adlandırıb.

“Bu gün bir sıra səs-küylü məhkəmə işlərini izləyərkən döyüş yoldaşlarımızın çarəsizlik içərisində necə yumruqlarını yellədiyini görüb ürək ağrısı və kədər hissləri keçirirəm”-Ohanyan İrəvanda bir sıra keçmiş səhra komandirlərinin, o cümlədən 2016-cı ilin iyulunda İrəvanda qiyam qaldırmış veteranlardan ibarət qrupun məhkəmə proseslərini nəzərdə tutaraq bildirib.

Ohanyan qeyd edib ki, indi məhkəməsi gedənlər vaxtilə Qarabağın alınması işində böyük xidmətlər göstəriblər və bütün bu baş verənlər erməni xalqının ümumi faciəsidir.

Xatırladaq ki, Seyran Ohanyan 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun sarsıdıcı zərbə almasından sonra İrəvanda başlayan siyasi təlatümlərin gedişində istefa verib. Daha sonra müxalifətə keçib və öz siyasi blokunu quraraq parlament seçkilərinə qatılıb, lakin uğur qazana bilməyib və kölgəyə çəkilib. /virtualaz.org/

19:15