Baş naziri seçkiyə aparan SƏBƏB

 

İyunun 8-də Böyük Briyaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Baş nazir Tereza Mey aprelin 19-da növbəti seçkilərin 2020-ci ildə keçiriləcəyini bəyan etmişdi. Ancaq onun növbədənkənar seçkilərə getməsi Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün danışıqlarda Mühafizəkarların daha sərbəst manevr imkanları əldə etmək cəhdi kimi dəyərləndirilir. Baş nazirin fikrincə, deputatlar arasında mövcud fikir ayrılığı Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına mane ola bilər. “Ölkə birləşir, Vestminister yox”-Mey belə deyib.

2015-ci ildə Britaniya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə Mühafizəkarlar 650 deputat yerinin 331-nə sahib olmuşdu. Leyboristlər isə 232 mandat qazana bilmişdi. “Guardian” qəzetinin bu ilin aprel ayında keçirdiyi son rəy sorğusuna görə seçicilərin 47 faizi mühafizəkarlara, 28 faizi isə leyboristlərə səs verməyə hazırlaşdıqlarını bildirib. Əgər seçkilər qabaqcadan verilmiş sorğu ssenarisi üzrə keçirilsə, mühafizəkarlar İcmalar Palatasında öz mövqeyini genişləndirmək üçün ciddi imkanlar əldə edəcək. Qeyd edək ki, 2015-ci ildə Mühafizəkarlar Partiyası 36 faizdən bir qədər artıq səs toplamışdı. Yalnız mojaritar sistemin yaratdığı nisbi çoxluq mühafizəkarlara parlamentdə üstünlüyə nail olmağa və təkpartiyalı hökumət formalaşdırmağa kömək etmişdi. Ümumi nəticələrlə sorğuların göstərcisi arasında cüzi fərq ola bilər. Siyasi ekspertlər hesab edir ki, seçkidən qeyri-adi nəticələr gözlənilmir. Lakin ciddi səhvlərin olacağı real hesab edilmir. Çünki britaniyalılar daha çox yerli məsələlərə səs verirlər. Vətəndaşlara “Breksit”də olduğu kimi daxili məsələlər barədə emosional şəkildə səs vermək daha asandır.
Britaniyanın seçki sisteminə əsasən 48 faiz səs ümumi səslərin 2/3-nə bərabərdir. Əgər mühafizəkarlar belə böyük çoxluğa nail ola bilsə, onlara müxalifətlə hər hansı kompromisə getməyə ehtiyac qalmayacaq. Tereza Mey özü isə çox güman ki, qələbəsinə əmindir. Xanım baş nazir qarşıdakı seçkiləri mühafizəkarların “sabitlik və liderlik”lə leyboristlərin “zəif və dayanıqsız xaos koalisiyası” arasında seçim adlandırıb. Mühafizəkarların öz gündəliyini “Breksit” mövzusu ilə zənginləşdirəcəyi gözlənilir. Bununla yanaşı, Leyboristlər Partiyası da növbədənkənar seçkilərə maraq göstərir. Müxalifət partiyası qələbə qazanmaq üçün bu seçkilərə öz şansını sınamaq imkanı kimi baxır. Baş nazirin liderlik etdiyi partiyannın qələbə şansı nə qədər yüksək olsa da Avropa İttifaqından çıxmaq haqqında referendumdan ötən müddət ərzində “Breksit” tərəfdarlarının say nisbətində fərq əmələ gəlib. Müstəqil “YouGov” şirkətinin aprel ayının sonunda apardığı sorğular göstərir ki, Britaniyanın Avropa Birliyindən ayrılmasının əleyhinə olanların sayı 2 faiz artıb.

Ümumilikdə Böyük Britaniyada “Breksit” əleyhdarları azlıq təşkil edir. Bu məsələdə hökumətə ən təsirli qüvvə Şotlandiya Milli Partiyasıdır. Həmin təşkilat Britaniya parlamentində 56 deputatla təmsil olunur. Mühafizəkarlar qarşıdan gələn seçkilərdə parlamentdə daha çox mandat qazana bilsə, şotlandların təsirini azaltmaq imkanı əldə edə bilər. Qeyd edək ki, “Breksit” tərəfdarlarının qələbəsi Böyük Britaniyanı yeni problemlə üzləşdirib. Avropa Birliyi Birləşmiş Krallıqdan uzunmüddətli maliiyə öhdəliklərinə görə 100 milyard avro təzminat tələb edir. Avropadan çıxmaq üzrə nazir Devid Devis Britaniyanın bu vəsaiti ödəmək fikrində olmadığını bəyan edib. Bir sıra analitiklərin fikrincə, Britaniyada növbədənkənar seçkilərin keçirilməsi heç də yalnız “Breksit” məsləsində mühafizəkarların mövqeyinin möhkəmləndirilməsinə xidmət etmir. Baş nazir T. Mey bu vəzifəyə ümumxalq seçkiləri yolu ilə deyil, öz sələfi Devid Kemeronun istefasından sonra partiyadaxili səsvermə yolu ilə gəlib. Ona görə də xanım Mey yenidən seçkilərə getməklə tutduğu vəzifəni legitimləşdirmək istəyir.

Müşfiq Abdulla

09:56