Baş bankirin başı “kötük”də: Vyanadakı rüşvət skandalı qayıdır

Baş bankirin başı “kötük”də: Vyanadakı rüşvət skandalı qayıdırAvstriya məhkəməsində Azərbaycan rəsmilərinin də ad keçən rüşvət qalmaqalına dair proses yenidən qayıdır. Mötəbər mənbələrdən sızan xəbərə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən rüşvət skandalı ilə bağlı məhkəmə işi gündəmə gətirilir. Manatın devalvasiyası və ölkənin bank sektorunun çöküşündə ittiham olunan baş bankirlə hakimiyyətin yollarını ayırmaq planı var. Bu projenin reallaşması üçün Vyandakı rüşvət olayının yenidən gündəmə gəlməsi hesablanıb. Mənbənin qeydlərinə görə, bu qalmaqalın yenidən qayıtması E.Rüstəmova yaxşı perspektiv vəd etmir.

Onun vəzifəsindən kənarlaşdırılmasına gətirib çıxara biləcək bu proses baş bankiri möhkəm həyəcanlandırıb. Rüstəmov üçün bu məsələnin yenidən gündəmə gəlməsi iqtisadi və maliyyə prosesləri ilə bağlı son günlər yaşanan gərginlik ərəfəsində heç də xoş xəbər deyil. AMB sədri bilir ki, Vyana işinin tirajlanması və aktuallaşması onun postunu laxlatmağa yönəlik bir ismarıcdır. Hakim komanda daxilində onu istəməyən və istefasını tələb edənlər var. Onlar iqtisadi proseslərə görə baş bankiri ittiham edir. Baş bankirin isə milyonları Vyanada yoxa çıxardığı barədə iddialar məhkəmədə araşdırılır. Dünya mediasının da bu məsələyə diqqəti artııb. Söhbət manatın çapı üçün Avstriya şirkətilə bağlanmış müqavilənin 20 faizinin Azərbaycan hökumətinə rüşvət şəklində qaytarılmasına dair qalmaqaldan gedir. Bir müddət bundan əvvəl ABŞ-ın nüfuzlu “Bloomberg”in saytının bu mövzuda yayımladığı geniş məqaləni dünən dünyaca nüfuzlu “The Washington Post” yenidən tirajlamışdı.
Qeyd edək ki, artıq xeyli müddətdir Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işi üzrə Vyanada məhkəmə prosesi gedir. Bu cinayət işində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçir. Hətta məhkəmə prosesində E. Rüstəmovun da dindirilməsi gündəmə gəlib. Bir qədər əvvəl Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Azərbaycana səfəri zamanı həmkarı Elmar Məmmədyarovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Vyanada keçirilən “rüşvət məhkəməsi”ndə dindirilməsi məsələsinin də ciddi müzakirə edildiyi bildirilir. Qərb mediası bu rüşvət olayını belə işıqlandırmışdı: 2005-ci ilin dekabr günlərindən birində, dan yerinin sökülməsinə bir-iki saat qalmış Avstriya Mərkəzi bankının mavi xalatlı işçiləri 30 milyona yaxın banknotu taxta paletlərin üstünə döşəməyə başladılar. Onlar Azərbaycan valyutası olan manat əskinaslarını, bu yükdən xəbərdar olanların dediklərinə görə, 38 tonluq maşınlara yükləyirdilər. Nömrəsiz BMW avtomobillərində polislərin müşayiət etdiyi bu karvan Vyananın çoxəsrlik tarixi olan kilsələrinin və Habsburq saraylarının yanından ötərək Slovakiya sərhədini keçdi və Bratislava aeroportuna gəldi. Burada sıx bürünmüş paletlər Azərbaycanın Xəzər dənizi sahillərində yerləşən paytaxtı Bakıya uçacaq təyyarəyə yükləndi. Bu, ilk baxışdan adi bir beynəlxalq müqavilə çərçivəsində həyata keçirilmiş pul çapı idi. Lakin avstriyalı prokurorlar deyir ki, bu əslində, Avstriya Mərkəzi Bankının vəzifəli şəxslərinin azərbaycanlı həmkarları ilə korrupsiya razılaşmasının tərkib hissəsi idi. Bu ilin əvvəlində həmin iş üzrə 9 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı rüşvət alma, çirkli pulların yuyulması və digər ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxslər arasında Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və pul çapı ilə məşğul olan OeBS-nin rəhbəri də vardı.
Avstriyalı prokurorların sözlərinə görə, bu korrupsiya razılaşması çərçivəsində əvvəlcə Azərbaycan məmurlarına, daha sonra Suriya Mərkəzi Bankına offşor hesablar vasitəsilə 18 milyon dollar göndərilib. Məqsəd isə pul çapı üçün müqavilənin məhz yuxarıda adıçəkilən şirkətlə imzalanması olub. Oktyabrın 3-də sözügedən 9 nəfərdən 7-si Vyana Cinayət Məhkəməsində məhkum olunub. Təqsirləndirilən şəxslərdən ikisinə isə bəraət verilib. Bəraət alanlardan biri də Avstriya Mərkəzi Bankının sədr müavini, OeBS-nin keçmiş rəhbəri Volfqanq Duçazekdir. Pul çap edən şirkətin rəhbəri Maykl Vulf, eləcə də Yohan Miller isə hökm çıxarılana qədər də təqsirlərini etiraf etmişdilər.

Politika.Az

08:52