Banklar “yastıq altındakı” dolları da yığır

 

Bir müddət dolların manata nisbətdə məzənnəsi nisbət sabit olaraq qaldı. Hazırda rəsmi məzənnədə ciddi dəyişiklik olmasa da banklar dolların alış-satış qiymətlərini artırıb. Belə ki, bir müddət öncə 1.65-1.68 aralığında dəyişən bank məzənnəsi, hazırda 1.70 manata qədər yüksəlib. Banklar artıq dolları ucuz alıb, baha satmağa başlayıblar. Belə ki, dolları ən ucuz - 1.69 manata Dəmir Bank satırdı. Artıq Dəmir Bank da daxil olmaqla, Amrah Bank, Günay Bank, NBC Bank və Turanbank dolların satış qiymətini 1.6950 manata qaldırıblar. Dolları ən baha isə 1.6850 manata GünayBank və AmrahBank alır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bir müddət öncə valyuta alış-satışına tətbiq etdiyi 4 faizli ləğv etdi. Bu da bankların valyuta mübadiləsində kommersiya banklarının manupulyasiya imkanlarını kifayət qədər artırdı. Marjanın ləğvindən sonra banklar əhalidən dollar yığmaq üçün psixoloji qiymət siyasətinə başladı. Valyuta bazarında yaradılan süni valyuta qıtlığı vətəndaşların əllərində olan dolları ucuz qiymətə satmağa vadar etdi. Hazırda gedən proses eynilə bir müddət aparılan qiymət siyasətinin eynisidir. Banklar çalışırlar ki, əhalidə qalan valyutanı ucuz qiymətə alsın. Maraqlıdır ki, bu hadisələr adətən, hər rübün sonunda yaşanır. Bu isə bankların rüblük hesabat vaxtına təsadüf edir. Yəni, banklar hesabatlarını müsbət saldoya çatdırmaq üçün valyuta ehtiyaclarını bu yolla ödəməyə çalışırlar. Bu isə vətəndaşların məcburiyyət qarşısında qalaraq əllərində valyutanı ucuz qiymətə satmasına səbəb olur.

İqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, banklar maksimum dərəcədə xərclərini kompensasiya etməyə çalışır: “Azərbaycan Mərkəzi Bankının verdiyi rəsmi məzənnəyə uyğun olaraq “spread” çərçivəsində alqı-satqı həyata keçirə bilərlər. Bəzi banklarda “spread” çərçivəsindən kənarlaşma halları müşahidə olunur. Ancaq bunun kütləvi hal almasını düşünmürəm. Çünki bu yöndə dövlətin nəzarət sistemi çox güclü işləyir. Belə hal müşahidə olunursa, dərhal sanksiya və ya inzibati qayda da cəza tətbiq olunur. Ancaq banklar “spread”ın göstəricilərindən maksimum dərəcədə istifadə edirlər. Yəni, banklar dolları maksimum dərəcədə aşağı qiymətə almağı bacarırsa, ondan istifadə edir. Eynilə hansı həddə baha sata bilərsə, bundan da yararlanmağa çalışırlar. Yəni, banklar “spread”ın imkan verdiyi ən maksimal həddən istifadə edilir. Bu da ondan irəli gəlir ki, banklar bütün gəlir vasitələrindən istifadə edərək xərclərini ödəməyə çalışırlar. Bu gün ölkənin bank sistemində arzuolunmaz vəziyyət hökm sürür. Bu vəziyyətdən çıxmaq üçün banklar da əllərində olan imkanları istifadə etməyə başlayıblar. Yəni, qiymətlərin bu çərçivədə dəyişməsində kriminal durum yoxdur. Bu təbii haldır və bazar münasibətlərinə cavab vermə prosesdir”.

İqtisadçı əlavə edib ki, marjanın ləğvindən sonra Mərkəzi Bankın kommersiya banklarının valyuta siyasətinə qarışmaq səlahiyyətləri qalmayıb. F.İbrahimovun sözlərinə görə ancaq bu prosesin nəzarətdə saxlanılması bankların süni ajiotaj yaratmasının qarşısını almaqdır: “Digər tərəfdən ola bilər ki, hansısa bank ehtiyacından çox yüksək valyuta əldə edir və bu zamanı həmin bank “spread”ını aşağı sala bilər. Nəticədə də öz müştəri bazasını yeniləməklə valyutanı sata bilər. Amma bankların “spread”dan maksimal dərəcədə istifadə etməsi bu gün valyutaya ehtiyac olduğunun göstəricisidir. Ehtiyac olduğu üçün də banklar bu həddən maksimum istifadə edir. Doğrudur, marja faizlərinin ləğvindən sonra Mərkəzi Bankın kommersiya banklarının qiymət siyasətinə müdaxilə etmək səlahiyyətləri qalmır. Amma “spread” həddini aşmaq özü bazar münasibətlərinə uyğun deyil. Hər bi halda spekulyativ həddi keçmək doğru hesab olunmur. Yəni, marja olmasa da bu proses nəzarətdə saxlanılır və bununla da kommersiya banklarının süni ajiotaj yaratmasına imkan verilmir”.

Vilayət Muxtar
Cebhe.info

09:27