Banklar insanları indi də belə aldadır

 

Problemli kreditlərin həcminin artdığı bir dövrdə, banklar vəziyyətin düzəlməsi əvəzinə, daha da problemlərin dərinləşməsinə rəvac verirlər. Belə ki, son günlərdə bankların sadə kredit şərtlərini reklam etməsi birmənalı qarşılanmayıb. Xüsusilə, sosial şəbəkələrdə gedən kredit reklamları vətəndaşların etirazına səbəb olub. Etirazların əsas səbəbi isə bankların yaydığı reklamların həqiqəti əks etdirməməsidir. Belə ki, banklar reklamda tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz yüksək məbləğdə kreditlərin verildiyini elan edir. Ancaq reallıq tamamilə fərqlidir. Çünki kredit şərtlərinə görə bu cür kredit verilməsi mümkün deyil, qanunsuzdur.

Ekspertlər hesab edir ki, bankların yalançı kredit reklamları müştəriləri banka cəlb etməyə hesablanıb. Əslində reklam kampaniyalarının sosial şəbəkələrdə getməsinin də əsas məqsədi məhz budur. Çünki rəsmi olaraq hansısa reklam şirkətləri ilə bu cür yalançı şərtlərlə kampaniya aparmaq mümkünsüzdür. Hüquqi tərəfdən də bunun müəyyən cəzaları var ki, banklar da bundan qaçmaq üçün ən optimal variant olaraq sosial şəbəkələri seçiblər.

Digər tərəfdən nəinki kredit reklamlarında göstərilən sadə şərtlərlə, heç normal girovlu, gəliri kreditə adekvat olan şəxslər də bu gün kreditdən yararlana bilmirlər. Bu isə bankların maliyyə durumunun yerində olmaması ilə bağlı olan məsələdir. Məlumdur ki, bu gün fəaliyyət göstərən 31 bankdan yalnız 5-6 -sı normal maliyyə resurslarına malikdir. Digər banklar isə nəinki kredit vermək iqtidarındadır, heç öz öhdəliklərini belə yerinə yetirə bilmirlər. Əmanətlərin qaytarılmasında, donor təşkilatların qrafik üzrə ödənişlərində ciddi problemlər var. Problemli kreditlərin həcminin günü-gündən artması da bankların vəziyyətini daha da ağırlaşdırır. Əslində problemli kreditlərin yaranmasında, həcminin yüksək olmasında bankların da “xidməti” böyükdür. Zamanında bu gün reklam olunduğu kimi, tək şəxsiyyət vəsiqəsi ilə kreditlərin verilməsi, gəlirlərin-xərclərin düzgün araşdırılmaması bu gün kreditlərdə yaranan problemlərin başlıca səbəbidir. Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov açıqlamasında bankların bu cür reklamlarının qanunsuz olduğunu vurğuladı. “Qanunvericiliyə uyğun olaraq, kredit götürən vətəndaşın buna adekvat gəliri olmalıdır. Bank da vətəndaşın gəlirini təsdiq edən sənədləri tələb etməlidir. Bu sənədlər yoxdursa, həmin vətəndaşa heç bir halda kredit verilə bilməz. Buna görə də, əgər belə bir reklam varsa, bunun özü qanunsuzdur. Təbii ki, banklar bu şərtlərlə kredit verə bilməz. Sadəcə olaraq bu gün bankların işi-gücü yoxdur, kreditləri yığa bilmir, günü-gündən müştəri bazaları azalır. Ona görə bu cür reklamlar yayımlayırlar ki, banklara müraciət edənlərin sayı artsın. Banklar bilir ki, onlara müraciət edənlərin arasında gəliri olan vətəndaşlar da olacaq. Sadəcə, bu yolla özlərinə müştəri toplayırlar. Ekspert həmçinin qeyd edib ki, bankların kreditə alternativ gəlir mənbəyi yoxdur. Onun sözlərinə görə, bu cür kreditlərin verilməsi bankların maliyyə dayaqlarını sıradan çıxarar: “Bu gün də faktiki olaraq görünən məhz budur. Banklar müştəri bazasını itirir. Bu proses də davamlı olacaq. Banklar bunun qarşısını heç cür ala bilmirlər. Bankların müştəri bazasını itirməsi isə nəticədə bazarı tərk etməsi ilə nəticələnəcək. Əslində proseslər də elə buna doğru gedir”.

Bankların düşdüyü vəziyyətdən çıxması üçün təkliflərini səsləndirən Əkrəm Həsənov hesab edir ki, ilk növbədə problemli kreditlər məsələsi həll olunmalıdır: “Bu gün bir nömrəli məsələ budur. Problemli kreditlərin qaytarılmasının isə yalnız bir yolu var. Məlumdur ki, problemli kreditlərin bir hissəsini məhz bank rəhbərləri özləri verib. İlk növbədə məhz bank rəhbərləri həmin pulları banka qaytarmalıdır. Həqiqətən borclarını ödəyə bilməyən vətəndaşlara isə banklar əhəmiyyətli dərəcədə güzəştlər etməlidir. Yəni, bank güzəşt etsə, müştərilərin əksəriyyəti borclarını ödəyəcəklər. Bu gün bəzi banklar bu prosesə başlayıb və onların vəziyyəti yavaş-yavaş düzəlir. Amma təəssüf ki, əksər banklar buna getmirlər”.
 

Vilayət Muxtar
Cebhe.info

13:52