Banklar əhalinin pulunu niyə qaytarmır?

 

Ekspert: “Vəziyyətdən çıxmaq üçün on illərlə vaxt lazım olacaq”

Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bir ildir ki, fəaliyyət göstərir. Palata fəaliyyətə başlayan zaman bankların diaqnostikasını aparılıb. Ötən müddətdə 42 bankdan təxminən 10-u bağlanıb. Hazırda Azərbaycanda 31-32 bank fəaliyyət göstərir. Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov da bu problemə toxunub. O bildirib ki, bankların bağlanmasındansa, onların birləşdirilərək sağlamlaşdırılmasının vacibliyini dilə gətirib. Millət vəkili həmçinin depozitlər problemini da müzakirəyə çıxarıb. V.Əhmədov bildirib ki, minlərlə insandan depozitlərini banklardan götürə bilməməsinə görə müraciət alıb. Lakin görünən budur ki, problem hələ də həllini tapmayıb. Təkcə fəaliyyəti dayandırılan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də qorunan əmanətlərin məbləği 140 milyon 300 min manatdır.

 

Maraqlıdır, banklar əhalinin depozitini niyə qaytara bilmir?

 

İqtisadçı-ekspert Fuad İbrahimov açıqlamasında bu haqda danışıb. F.İbrahimov bildirib ki, əslində hadisələrin gedişatı kimi belə bir vəziyyətin yaranması da normaldır. Bütün bu proseslər bank sektorunda uğursuz siyasətin nəticəsidir: “Əslində bu, təbii prosesdir. Bankların fəaliyyəti nədən ibarətdir? Bankın standart kapital sərmayəsi və aktivləri olur. Əhalidən depozit yığmaqla onu müəyyən faizlə hardasa yenidən yerləşdirirlər. Yəni, investisiya layihəsi kimi. Uzun müddət idi ki, əksər hallarda bu proseslərdə depozitlər əhalidən dollarla alınırdı. Depozit səbətinin 20-30 faizi manatla idisə, 70-80 faizi dollardan ibarət olurdu. 2015-ci ilin fevralın 21-də birinci devalvasiya, dekabrın 21-də isə ikinci devalvasiya ilə manatın 100 faiz dəyərdən düşməsi dollarla kreditlərin geri qaytarılmasında problemlər yaratdı. Banklar dollarla verdikləri kreditləri geri ala bilmirlər. Birdən-birə kredit götürənin borcu iki qat artdı”.

İqtisadçının sözlərinə görə bir neçə il öncə banklarda bu cür problemlər yarandığı, əhalinin bu sektora inamı öldüyü üçün vətəndaşların depozitlərini qaytarmağa aktivlər olmadı: “İri kreditlər götürən sahibkarlar da iqtisadi böhranın təsirinə məruz qaldıqları üçün banka olan borclarını qaytara bilmədi. Bu səbəbdən banklar çıxılmaz vəziyyətə düşdü. Bankların bağlanması ilə vəziyyətdən çıxış yolu axtarıldı. Adətən belə hallarda dövlət hansısa siyasət yürütməklə bu məsələyə müdaxilə etməli idi. Təəssüflər olsun ki, maliyyə sektorunda belə bir addım atılmadı.

Xatırladım ki, müstəqil ekspertlər də dəfələrlə öncədən devalvasiyanın baş verə biləcəyi ilə bağlı proqnozlar verib. Tələbə iqtisadçı da bilir ki, idxal-ixraclarının balansı məzənnəyə təsir edə bilər. Proses öz axarına buraxıldı. Nəticədə əhali ilə banklar üz-üzə qoyuldu. Bununla da banklara olan inam öldü”.

İqtisadçının sözlərinə görə, bu problemli vəziyyətin qarşısını almaq üçün ən azı Mərkəzi Bankın vasitəsilə kütləvi formada vətəndaşlara dollarla verilən kreditlərin dayandırıla bilərdi ki, bu gün belə bir problem yaranmasın: “Vəziyyətdən çıxmaq üçün artıq on illərlə vaxt lazım olacaq. Yalnız bu müddətdən sonra yenidən banklara inam formalaşa bilər. Yadınızdadırsa, hələ sovetlər dövründə bunabənzər olay yaşanmışdı. İnsanların banklara yatırdıqları nə qədər vəsait batdı. Uzun müddət banklara inam öldü. Son 10-12 ildə, manatın stabil dönəmində mərhələli formada insanların inamı bərpa olmuşdu.

Nəticədə əhali böyük inamla əmanətlərini banklarda yerləşdirirdi. Təəssüflər olsun ki, baş verən hadisələrdən sonar 30 faiz, yəni sığortalanan əmanətlər geri qaytarılıb. Eyforiya dövründə bank pulları sağa—sola xərclədi. Bankların da bu məsələdə maraqları “şapka” deyilən bir məsələdir, hansı ki, bank kredit verib əlavə 100-200 manat xeyir götürmək üçün sistemi uçurdub dağıtdılar. Heç kəs də məsuliyyətə cəlb olunmadı. Banklar defolt vəziyyətə düşərək bağlanıb”.

Nigar Məhərrəm

Cebhe.info

 

06:19