Bank sahiblərinin əmlakı təhlükədə: Pulları qaytara bilməsələr əmlakları əllərindən alınacaq

 

Məhkəmələrdəki 700 min işin 280 mini bankla müştərilər arasındakı mübahisəli məsələlərə aiddir.Bu rəqəmi Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitə iclasında səsləndirib. O, eyni zamandan bundan sonra bağlanan banklar əmanətləri geri qaytara bilməzsə, həmin vəsaitlərin bankın idarəçilərinin əmlakları hesabına qaytarılacağını vurğulayıb.

 

O bildirib ki, hazırda məhkəmələrdəki 700 min mülki işin 40 faizi banklarla bağlıdır. Rüfət Aslanlı problemli kreditlərin artmasına əsas səbəblərdən biri kimi məhkəmələrə verilən işlər 3-4 il davam etdiyinə görə bankların qayıdan pullardan məhrum olmasını göstərib. Direktorlar Şurasının sədri bankların bağlanması zamanı batan əmanətlərin böyük qisminin geri qaytarıldığını, qorunmayan əmanətlərin də qalan qisminin aprel ayından etibarən verilməyə davam edəcəyini deyib.Rüfət Aslanlı onu da vurğulayıb ki, bundan sonra bank bağlandıqda əmanətçilərin pullarını bankın kapitalı hesabına ödəmək mümkün olmadıqda bu vəsaitin ödənişinə birbaşa bank idarəçiləri məsuliyyət daşıyacaq.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, məhkəmə işlərinin əksəriyyəti bank müştəri münasibətilə bağlıdır: “Təbii ki, burada yalnız kredit məsələləri deyil, əmanətlə bağlı mübahisəli məsələlər də var. Mütləq əksəriyyət məhz kreditlə bağlıdır. Demək ki, “məhkəmə işləri çox çəkir” bu, həqiqətə uyğun deyil. Ümumiyyətlə, bütün ölkələrdə məhkəmə işləri uzana bilər.Yəni, bu tək Azərbaycanda belə deyil. Onsuz da Azərbaycanda məhkəmə işlərinə müddət məhdudiyyətləri var. Bizim ölkədə birinci instansiya və apellyasiya məhkəməsi işə üç aya baxır.Bu, qanunda müəyyənləşdirilib. Avropada məhkəmələrə ümumiyyətlə, vaxt məhdudiyyəti qoyulmur.Onlar biləndə ki, Azərbaycanda belə bir məhdudiyyət var, gülürlər.Axı məhkəməyə necə məhdudiyyəti qoymaq olar?Birdən işin hallından asılı olaraq çox baxmaq lazım gəldi. Almaniyada bir məhkəmə işi 73 il çəkib. Əlbəttə, Azərbaycanda məhkəmə sistemində problemlər çoxdur.İstər obyektivlik olsun, istər hakimlərin biliyi-savadı baxımından, istərsə də düzgünlüklə bağlı. Niyə bir neçə il bundan əvvəl belə bir problem qaldırılmırdı? Axı, o zaman da məhkəmələr çox çəkirdi.Təbii ki, son vaxtlar bank işləri ilə bağlı məhkəmə prosesləri artıb və banklara çətindir.Banklar zəhmət çəkib müştərilərə güzəştə getsinlər.İllərlə kreditlərdən kütləvi faizlərdən gəlir əldə ediblər”.

Hüquqşünas qeyd edib ki, hazırda kredit münaqişələrinin əksəriyyəti problemli dollar kreditlərilə bağlıdır: “2015-ci ildə Konstitusiya Məhkəməsinin qərarı olub ki, problemli dollar kreditləri ilə bağlı güzəştlər edilməlidir. Banklar bu güzəşti etmədiyinə görə, müştərilər də bundan narazı qalıb.Nəticədə uzun sürən məhkəmə prosesləri qacınılmaz olur.Bu nöqteyi-nəzərdən hesab etmirəm ki, bank sisteminin problemi yalnız məhkəmələrin çox çəkməsilə bağlıdır.Xeyir, banklar istəsə, işləri məhkəməyə düşməz.Banklar problemli kreditlərin həcmin gizlədir.Söylənən rəqəmlər isə həqiqətə uyğun deyil.Əslində problemli kreditlərin həcmi artıb. Başqa cür ola da bilməz. Çünki banklar güzəştə getmir, vətəndaşların gəlirləri azalıb, sahibkarlar banklara “dolur”.Belə şəraitdə problemli kreditlərin həcmi yalnız artmalıdır.Məsələyə kompleks yanaşma olmalıdır.Əks təqdirdə, ümumi sözlərlə vəziyyət dəyişməyəcək”.

Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasına müəyyən tövsiyyələr də verib: “Yaxşı olardı ki, Nəzarət Palatası gedib banklarda yoxlama aparsın və təyin etsin ki, hansı problemli borc alanlar üzrə banklar ümumiyyətlə, işlərini məhkəməyə vermirlər. Çünki həmin kreditləri bank idarə edən şəxslər özləri götürüb.Yaxşı olar ki, Palata bu məsələləri araşdırsın və bu kreditləri bank sahiblərindən tələb etsin. Bilirəm ki, Milli Məclisin komissiyasında müzakirə edilən qanun layihələrində müsbət cəhətlər də var. Onların banklarla bağlı etdikləri dəyişiklikləri mən də dəstəkləyirəm. Amma bütün bunları elə etmək lazımdır ki, banka etibar edib pul qoyan vətəndaşlar bundan zərər çəkməsinlər. Bu gün bu məsələlər aydın deyil.Yaxşı olardı ki, hökumət bu cür layihələri ictimaiyyətə açıqlasın. Məsələləri sadəcə özləri müzakirə edib ictimaiyyətə çox az məlumat verirlər. Bu səbəbdən bizdə də təsəvvür yoxdur.Verilən məlumatlar isə xoşumuza gəlmir.Demokratik ölkələrdə parlamentə çıxarılan qanun layihələri ictimaiyyətə təqdim olunur.Azərbaycanda isə bunu gizli şəkildə edirlər”.

Y.Oqtayqızı

Cebhe.info

 

05:17