Bank əməliyyatları üçün yeni vergi tarifləri qüvvəyə minib

2017-ci ildən Azərbaycanın “Vergi Məcəlləsi”nə bəzi bank əməliyyatlarının həyata keçirilməsi zamanı vergi ödənişi müəyyən edən dəyişikliklər qüvvəyə minib. Turan agentliyinin məlumatına görə, yeni qaydalara əsasən Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutur.

Bundan başqa, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabındakı pul vəsaitinin nağd qaydada verilməsi həyata keçirilərkən Bank ödəmə mənbəyindən 1% vergi tutur. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan bank tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Bu zaman uduş olarsa, bu məbləğdən əlavə olaraq 10% çıxılacaq. Bu qayda vergi uçotunda olan hüquqi şəxslərə və fərdi sahibkarlara aid deyil. Bank eksperti Turan-ın müxbirinə izah edib ki, bu dəyişikliklər onlayn rejimdə alış-verişlərə aid deyil. Eyni zamanda, qaydalar elektron formada müxtəlif xidmətlərin göstərilməsinə aiddir. Məsələn, onlayn rejimdə qatar bileti alınması xidmət hesab olunur və vergi qoyuluşuna tabedir. Otel haqlarının onlayn ödənişi və təyyarə biletinin alınması bu siyahıdan çıxarılıb.

TURAN IA

10:45