Bakının yağış hazırlığı… - 14,7 milyon hara xərclənib?

 

Ötən il güclü və aramsız yağan yağışlardan sonra paytaxt Bakının bir çox hissəsi gölməçələrə çevrilmişdi, əsasən də Binəqədi rayonunda ciddi problemlər yaranmışdı. 

Artıq payızın astanasındayıq, aidiyyəti qurumlar sabahdan güclü yağışların başlayacağı barədə əhaliyə xəbərdarlıq edib.

Bəs Bakı yağışlara hazırdırmı?

 

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir və bu işlərin bir hissəsi artıq yekunlaşıb: ""Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir. Sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq 6 ərazidə işlərimizi yekunlaşdırmışıq. Binəqədi şosesi, Böyükşor gölünün suyunun tənzimlənməsi, Ramana Südçülük Sovxozu, Ə.Əliyev küçəsi, Yusif Səfərov küçəsi, Ziya Bünyadov prospekti, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi, Sabunçu rayonu ərazisində işlər görülüb. Ümumilikdə, 17,5 km kanalizasiya kollektorlarının tikintisi layihələndirilmişdi. Bunun 13.5 km hissəsi inşa edilib. Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə işlərin böyük bir hissəsi yekunlaşıb. Ən problemli ərazilər olan Ziya Bünyadov prospekti, Sabunçu vağzalı, Binəqədi şosesində işlər tamamlanır, sentyabr ayının ortasına qədər inşaat işləri bitəcək. Bundan sonra adı çəkilən ərazilərdə yağış suları ilə bağlı problem yaşanmayacaq”.

Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.

Pərvin Zeynal

BakuPost.az

10:44