Bakının mərkəzi küçələrində səs-küy səviyyəsi normadan bir neçə desibel çoxdur

Azərbaycanda ən çox ekoloji problemi olan ərazi Abşeron iqtisadi-coğrafi rayonudur. Bura həm istehsal vasitələri, həm də əhali ilə həddən artıq yüklənib. Son dövrlər əhalinin bu rayonun ərazisinə axını vəziyyəti daha da qəlizləşdirib. Belə ki, ölkə əhalisinin 40 faizi Abşeron yarımadasında cəmləşib. Abşeron yarımadasında torpaqların, neftlə çirklənmiş su hövzələrinin təmizlənməsi aparılır. Buna baxmayaraq, torpaq və su hövzələrinin neftlə çirklənməsi davam edir. Tikinti sənayesi də ekoloji problemlər yaradır. Abşeron yarımadasının relyefi mürəkkəbdir. Bəzən tikinti işləri düzgün aparılmadıqda çökmə süxurlardan ibarət ərazilərdə dayanıqlıq itir və nəticədə sürüşmə prosesi baş verir. Əhalinin belə ərazilərdə məskunlaşması, sürüşmə ilə yanaşı, torpaq eroziyasına da səbəb olur. Bununla yanaşı, tikinti sənayesinə kömək edən sement sənayesi, daş karxanaları problemi daha da dərinləşdirir. Atmosferə tozun atılması ilə yanaşı, tullantılar torpaqları dövriyyədən çıxarır. Nəticədə torpaq ehtiyatı azalır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev söyləyib.

Şöbə müdiri deyib: “Bakıda və Abşeron yarımadasında ətraf mühitin çirklənməsinə səbəb olan digər sahə nəqliyyatdır. Hazırda paytaxtda 700-800 min avtomobilin olduğu deyilir. Avtomobillərin məişət şəraitini yaxşılaşdırmasına və komfortluğu təmin etməsinə baxmayaraq, atmosferə müxtəlif tullantılar atılır. Mütəxəssislərin fikrinə görə, əgər hər kvadratkilometrdə 1000 avtomobil varsa, bu, insanın yaşaması üçün təhlükəlidir. Nəqliyyat təkcə atmosferi tullantılarla çirkləndirmir. Həmçinin müasir ekologiyanın qlobal problemlərindən olan səs-küy çirklənməsini əmələ gətirir. Səs təkcə eşitmə orqanını zədələmir. Əsəb, dəri, ürək-damar xəstəliklərinə və s. səbəb olur, həmçinin hamilə qadınların sağlamlığına mənfi təsir edir. Dünya Səhiyyə Təşkilatında normal səs diapazonu 56 desibel, Azərbaycanda isə 60 desibel qəbul olunub. Bu rəqəm Bakının mərkəzi küçələrində normadan bir neçə desibel çoxdur. Aparılan tədqiqatlara görə, yaşıllıqlar atmosferdəki hissəcikləri udmaqla yanaşı, səs-küyün də qarşısını kəsmək qabiliyyətinə malikdir. Buna görə də meşə zolaqlarının, yaşıllıqların salınması vacibdir. Yaşıllıqların salınması zamanı enliyarpaqlı, hündürgövdəli, həmişəyaşıl ağaclara üstünlük verilməlidir. Yeni tikilən evlərdə izolyasiyaya fikir vermək, şüşə örtükləri ikiqat etmək lazımdır. Tədqiqatlara görə, səs diapazonu 30-40 desibeli keçəndə yuxu rejimi pozulur. Bəzi ölkələrdə səs-küyün qarşısını almaq üçün relslərin üzərinə metal örtüklər çəkilir. Köhnə vaqonların yeniləri ilə əvəzlənməsi də səs çirklənməsinin nisbətən qarşısını ala bilər. Ümumiyyətlə, müasir texnologiyalardan istifadə etməklə səs diapazonunu tənzimləmək olar”.

Ə.Əliyev bildirib ki, Bakıda yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülür. Ancaq ağacların əkilməsinə ehtiyac var. Əkin zamanı yerli ağaclardan istifadə edilməsi daha məqsədəuyğundur. Mütəxəssislərin fikrincə, adambaşına düşən yaşıllıq norması yaşayış normasından 2-3 dəfə çox olmalıdır.

Alim Xəzər dənizinin sahil xəttində ekoloji problemlərin çoxluğunu da diqqətə çatdırıb. O deyib ki, çimərliklərə ciddi nəzarət olmalı, onlar təmizlənməli, bu məkanları çirkləndirənlərə qarşı sərt cəza tədbirləri tətbiq edilməlidir.

Mütəxəssis bütün problemlərin müasir texnologiya səviyyəsində aradan qaldırılmasının vacib şərt olduğunu vurğulayıb. O, ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərin turizmin inkişafına da töhfə verəcəyini xüsusi qeyd edib.

AZƏRTAC

05:54