Bakının göbəyi “ərəbləşir”

Dünənə kimi, Bakının mərkəzi erməni-rus cütlüyündə bütünləşirdisə, indidə  “Əl-Tarqovı”ya çevrilir. Ərəb ölkələrindən Bakıya olan turist axını şəhərin mərkəzində ərəbcə yazılan iaşə obyektlərinin reklam göstəricilərinin adlarına da təsir göstərib.

Ərəb turistlərin çoxluq təşkil etdiyi Fəvvarələr meydanı, Nizami küçəsində yerləşən kafe və restoran sahibləri obyektlərinin adlarını ərəb əlifbasında da yazdırıb. Bəzi restoranların girişində isə ərəbcə sözlər yazılıb. Şəhərdə avropalı turistlər say-seçmə olsa da, üstünlük müsəlman ölkələrindən gələnlərdədir. Ona görə də obyekt sahibləri avropalı yox, ərəb turistlərə uyğunlaşmağa çalışır. Digər tərəfdən IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılı günlər qalıb və oyunlar vaxtı islam ölkələrindən gələn qonaqların sayı artacaq. Lakin indidən restoranlar, otellər, mağazalar, mərkəzi küçələr niqablı, hicablı ərəb qadınları və çalmalı kişilərlə doludur. Onların əksəriyyəti İran, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindən gəlirlər. Ötən il əvvəlki illə müqayisədə Azərbaycana gələn İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirliklər vətəndaşlarının sayı isə 22 dəfə artıb.

Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb.

Bununla yanaşı, ötən il Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərində qeyd olunub.

2016-cı ildə ölkəmizə gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 milyon 248,8 min nəfər olub. Ölkəyə gələn tursitlərin sayı ölkə əhalisinin 22,7 faizini təşkil edib. Halbuki ötən il Gürcüstana 6 350 825 xarici turist gəlib, bu isə ölkə əhalisinin sayından çoxdur.

Maraqlı məqamlardan biri də odur ki, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da əvvəlki illə müqayisədə 9,3% çoxdur. Qeyd edək ki, mayın 12-də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının açılışı olacaq.

Bakı Post

 

06:49