Bakının 5 aylıq qaz problemi: Rəqəmlərdəki qaz hara yoxa çıxıb?

 

“Aprelin 16-da Azərbaycanda 15 milyon 814 min kubmetr təbii qaz sərfiyyatı olub. Aprelin 17-də günün birinci yarısına qədər olan məlumata görə, mavi yanacağın sərfiyyatı 16 milyon 172 min kubmetr olub”.

Məlumatı “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. Qurum rəsmisinin sözlərinə görə, tələbat artdıqca, təbii qazın verilişi tələbata uyğun tənzimlənir: “Dünənlə bu gün nisbətində mavi yanacağın həcmində 358 min kubmetr artım var”.

Qeyd edək ki, SOCAR-ın rəsmi səhifəsində 2017-ci ilin yanvar, fevral ayları üzrə qaz hasilatının həcmi verilib. Məlumata əsasən, SOCAR yanvar ayında ümumilikdə 508.3 milyon kubmetr qaz istehsal edib. Azərbaycanda satdığı qazın həcmi isə 2472.4 milyon kubmetr olub. Fevral ayında isə ümumilikdə 450 milyon kubmetr qaz istehsal edilib. Ölkəyə satılan mavi yanacağın həcmi 2222.3 milyon kubmetr təşkil edib. Baxmayaraq ki, aprel ayının ikinci ongünlüyüdür, hələlik Statistika Komitəsi mart ayının statistik göstəricisini açıqlamayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, noyabr ayından əhalinin qazla təminatı olduqca pis vəziyyətdədir: “Əgər SOCAR-ın istehsal etdiyi aylıq qaz həcmi ilə əhalinin qaz sərfiyyatı adekvat olsaydı, bu qədər narazılıq ola bilərdimi? 6-7 aydır ki, hər gün yüzlərlə ailə 7-8 saat, bəzən bir-iki gün qazla təminatsız qalıb. Ölkədə hasil olunan qaz hara gedir? Hələ də ölkə üzrə qazlaşma tam başa çatmayıb. Həm Hesablama Palatası, həm Beynəlxalq audit şirkəti “Azəriqaz” İB-nə ciddi iradlar bildirib. Amma gördüyünüz kimi heç bir tədbir görülmür”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:32