Bakının 4 nəhəng bazarı çökür

Bahalaşma “8-ci km”, “Yaşıl”, “Təzə” və “Şərq” bazarları son günlərini yaşayır

Bakı bazarları çöküş dövrünü yaşayır. Şəhərin iri bazarlarında satıcı çox, alıcı yox. Marketlər bir tərəfdən, böhran digər tərəfdən onların işini zəiflədib. Bu barədə əldə olunan məlumata görə, paytaxtın əsas dörd - “8-ci km”, “Yaşıl”, “Təzə” və “Şərq” bazarları iflas dövründədir. Satıcıların sözlərinə görə, alıcılıq qabiliyyəti aşağı düşüb, müştərilərin əksəriyyəti marketlərə üstünlük verir, yer haqlarını ödəmək çətinləşib. Üstəlik, bazarlara inam azalıb və böhranın da iri addımlarla əhalinin üstünə çökməsi bazarların fəaliyyətinə ciddi şəkildə təsir edib. Bazar sahibləri və ticarətçilər qan ağlayır, qiymətlərin qalxması getdikcə mürəkkəbləşdirir. Bu gedişlə insanların bazarlara ayağı dəyməyəcək. Əslində, bu proses yeni yaranmayıb.
Hökumətin yürütdüyü siyasət biznes azadlıqlarının məhdudlaşdırılmasına, məhdud çevrənin özündə də maliyyə problemlərinin yaşanmasına gətirib çıxarıb. Onlar ciddi ziyanla üzləşirlər və vəziyyətdən çıxış yolu kimi məcburi ixtisarlara gedir, yer puluyla bağlı tələblər irəli sürürlər. Ölkədə rəqabət mühiti yoxdur. Bakının ticarət mərkəzləri də çöküş dövrünü yaşayır. Paytaxtın “Bakıxanov” ticarət mərkəzi, “Lotos” TM, “Sədərək”, “Binə”, “Karvansaray”, “Laçın”, “Xalqlar dostluğu”, “Avtovağzal” və “Velotrek” kimi tanınmış yarmarkaları müflis olmaqdadır. Bu tendensiya davamlı şəkildə olarsa, ölkədə baş verən ixtisarların artacağı, böyük işsizlər ordusunun yaranacağı şübhəsizdir. Belə olan vəziyyətdə hökumət təcili addımlar atmalı, vəziyyətdən çıxış yolu axtarmalıdır. Azərbaycan hökuməti idarəçilik sistemi elə qurulub ki, əhalinin pul gəlirlər daha az templə artır, qiymətlər isə daha da sürətli xarakter alıb. Nəticə etibarı ilə qiymətlərin artım tempi əhalinin pul gəlirlərinin artım tempini üstələyir. Sonucda ərzaq və qeyri-ərzaq satışı ilə məşğul olan obyektlərdə alıcılıq qabiliyyəti aşağı düşür.

Politika.Az

10:54