Bakıda üçüncü Britaniya Bahar Film Festivalı

Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının ( British Film Spring) açılışı olub. Festival “British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyevə festivalın mayın 4-dək davam edəcəyini bildirib. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək.

“British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt film festivalı haqqında məlumat verib, nümayiş olunması planlaşdırılan ekran əsərləri barədə danışıb. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir.

Bildirib ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunub. Qeyd edək ki, təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.

Xudaferin.eu

07:02