Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” silsiləsindən növbəti kitab nəşr olunub. Bu, Tatarıstanın Xalq şairi, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyevin şeirlər kitabıdır.

AZƏRTAC-a bu barədə kitabın layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı məlumat verib.

Bildirilib ki, Xalq şairi Razil Vəliyevin şeirlərini rus və tatarcadan dilimizə tanınmış şair-publisist Həyat Şəmi çevirib. “XAN” nəşriyyatında işıq üzü görən şeirlər kitabı “Payız yağmurları” adlanır.

Nəşrin məsləhətçiləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə Milli Məclisin deputatları Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Kitaba filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “Qardaşdan qardaşa könül körpüsü” adlı “Ön söz” yazıb.

Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, hər iki ölkədə ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

AZƏRTAC

20:28