Bakıda QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb.

Xudaferin.eu-nun Report-a istinadən məlumatına görə, toplantıya xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. 

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib. 

Azərbaycanın sədrliyi dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu il oktyabrın 25-də və dekabrın 4-də keçirilib.

Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla dörd nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib.

Həmçinin, 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qeyd edək ki, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə 14 dövlət və dörd təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Xudaferin.eu

16:48