Bakıda “Qarabağ” kino günləri keçiriləcək

 

Fevralın 25-dən 27-dək Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə ”Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində “Qarabağ” kino günləri təşkil olunacaq.

 

TEAS-dan bildirilib ki, tamaşaçılar vətənimizin ağır günlərindən bəhs edən filmləri üç gün ərzində ödənişsiz izləyə biləcəklər. “Qarabağ” kino günlərinin keçirilməsində əsas məqsəd gənc nəslin tariximizin ən ağır səhifəsi - Xocalı soyqırımı və Qarabağ ətrafında baş verən hadisələrin unudulmaması, obyektiv məlumatların verilməsi və  maarifləndirilməsi işinə töhfə verməkdir.

Cədvələ daxil olan filmlərin ilki – “Gənc Səslər, Qədim Nəğmə” adlanır. Tanınmış amerikalı muğam ifaçısı Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına valeh olur. Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin Vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. C.Verbok vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə səkkiz il sonra yenidən Azərbaycana gəlir.

Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştləri ilə müşayiət olunan səyahəti başlayır. Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları ona yeni ruh gətirir. Aydın olur ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır. Keti-Robin Qarton və Cefri Verbokun ekranlaşdırdığı və Tale Heydərovun icraçı prodüseri olduğu film fevralın 25-də “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Bundan başqa, fevralın 26-da kinosevərlər “Hocalı Tanıkları” adlı filmini izləyə biləcəklər. Filmdə Xocalı faciəsinin şahidi olmuş yeddi şəxs həmin dəhşətli gün ilə bağlı öz xatirələrini bölüşürlər. Ekran əsəri Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin ”106 film” şirkətinin birgə istehsalıdır. Fevralın 27-də isə “Sonsuz dəhliz” filmi nümayiş olunacaq. ABŞ və Litva kinematoqrafçılarının istehsalı olan film Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçard Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olan şəxslər ilə görüşlərində lentə alınmış xatirələrindən bəhs edir. Yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film nüfuzlu festivallarda mükafat alıb və bir sıra beynəlxalq kanallarda nümayiş etdirilib. Filmlərin dəqiq cədvəli ilə sabahdan etibarən www.parkcinema.az saytında tanış ola bilərsiniz.

Xudaferin.eu

 

08:54