Bakıda polislərin gözü qarşısnda “qadın bazarı” - REPORTAJ

 

Reportajı hazırlamağım tam təsadüf idi. Çox vacib bir iş üçün tələsirdim. Tez-tez avtobusun pəncərəsindən boylanırdım ki, birdən gedəcəyim yeri keçərəm. Elə belə də oldu, başım telefona qarışdığı üçün ünvanı ötürdüm, xeyli qabaqda saxladı avtobus. Tələsik düşdüm. Elə yolu keçmişdim ki, küçədə bir xeyli adam gördüm. Maraqlı gəldi, görəsən bu qədər insan niyə bu yola toplaşıb.

Sən demə bu, “pis yol” dedikləri yol imiş. Təxminən 10-15 nəfər yüngül əxlaqlı qadın “müştəri ovu”na çıxmışdılar. Deyəsən onları bu kafeyə yeni gətirmişdilər. Müştərilər də az deyildi, maşallah, xeyli müştəri vardı. Əməlli-başlı “can bazarı” vardı. Nəhayət ara sakitləşdi, mən də xanımlardan birinə yaxınlaşdım. Nə qədər sual versəm də danışmadı. Yəqin ürəyində çərənçi olduğumu düşünürdü, ya da saqqalımdan elə bilirdi ki, dindaram.Amma bunun fərqində deyildim, mənə nə baş verdiyini öyrənmək lazım idi.İçəri keçməyi təklif etdi.Heç mən də narazı olmadım. İçəri keçdik, qapını bağladı. Qəfil dedi ki, qiymət bu qədərdi. Özümü səfehliyə qoyub söhbətin nədən getdiyini soruşdum.Hər şeyi xırdalığına kimi başa saldı. Dedi ki, bura təzə gəliblər. Əvvəl başqa yerdə işləyirlərmiş. Orada bunları yola verməyiblər. “Yola verməyiblər” deyəndə ki, polislər tez-tez gəlirmiş. Artıq onların əlindən canları boğazlarına yığılıb, sonra bura gəliblər. Dediklərinə görə bu məkan daha təhlükəsiz imiş. Buralara polis “ilişmirmiş”. 6 nəfər imişlər. Sözündən belə çıxdı ki, 10 ildir bu “sənət”dədirlər. Deyir ki, 10 ildi fahişə işləyir. Artıq bu işin hər xırdalığını bilir. Öncə çox yumşaq danışdı, biz tərəflərdə bir söz var, deyirlər gördün yola gəlmir pişim-pişim elə yola gətir.Gördüm ki, bu da məni pişim-pişim edir. Mən də heç “yola gələn” deyildim, təbii ki, marağım başqa idi. Həm də sözün düzü qiyməti çox baha deyirdi. Sözügedən məkandan bir dəfə də yazmışdım. Yazı kifayət qədər də yayılmışdı, düşünmüşdüm ki, yəqin hüquq-mühafizə orqanları qadın alveri, fahişəxana fəaliyyəti ilə məşğul olduqlarına görə artıq bunları həbs edib, amma elə deyilmiş. Görünən mənzərə isə tamamilə hər şeyin əksini deyirdi, sanki mənim onlardan yazmağım onları daha da rövnəqləndiribmiş.

 

“200 manat ver, canını qurtar”

Əlavə məlumat almaq üçün hər bir sözünə cığallıq edib, razılaşmanı pozurdum. Gördü ki, heç cür razılaşmıram dediyi məbləğə, başqa bir “iş yoldaşını” da şərik etdi: “Bax, görürsən, canım, sənə görə biz iki nəfər olacağıq, sən isə tək”. Özümü razıymış kimi göstərib digər yataq olan otağa keçdik. Qoşa çarpayıda əyləşib, gözlədim ki, digər xanım da gəlsin.İkisi də gəldi. Özlərini tərifləməyə başladılar, digəri isə 15 ilə yaxın “iş təcrübəsi”nin olduğunu dedi. Dinmədim, susdum. Deyir ki, Azərbaycanın hər yerində daimi müştəriləri var. Hətta istədiyi vaxt istədiyinin evinə də sərbəst gedib-gəlirmiş. Məqsədim tam başqaydı, söhbəti bir az lağ-lağıya çevirib, razılaşmanın ciddiliyini pozurdum. Gördülər ki, mənim məqsədim tam başqadır keçdilər əsas məsələyə. Deyəsən mənim zarafatlaşmağım onları əməllicə əsəbləşdirmişdi.Sonra gələn xanım isə əlində telefonla qurdalanırdı. Bir az ehtiyat etdim düzü, səsimi yazar, şəklimi çəkər, deyə. Xahiş etdim ki, telefonu endirsin. Sonradan gələn artıq vəziyyətə tab gətirməyib böhtana keçdi: “Sən bilirsən də zorlamağa görə nə qədər iş kəsirlər adama? 10 il. Ya da polisə zəng edəcəm, səni bizi zorladığına görə şöbəyə aparsınlar.500 manat yerində pulunu alacaqlar.200 ver bizə, canını qurtar yaxşısı”.

 

“Gündə sənin kimi 100-ünü yola veririk”

Dərhal ona yerini göstərdim və onu otağa mənim çağırmadığımı, onun özünün könüllü şəkildə, öz istəyilə gəldiyini bildirdim. Dəhşətli dərəcədə qıcıqlandırmışdım. Sonda özləri paxırlarını açmağa başladılar: “Bizə müdriyyət tapşırıq verib. Hətta müdiriyyət bizə cinsi əlaqədə olmağın metodlarını da deyib.Müştərinin istəyinə baxmırıq.Kimsə də artıq-əskik edən kimi qulağından tutub atırıq bura (iki əlinin şəhadət və orta barmaqlarını aralayaraq çarpazlaşdırıb gözünə tutdu). Yəni ki, sən də görürəm çaşırsan. Biz özbaşına deyilik. Sənin kimi gündə yüzünü yola veririk”. Deyəsən, ilanı yuvasından çıxartmışdım.Daha sözün həqiqi mənasında etdikləri fahişəlikləri, müştərilərini incitdiklərini özləri öz dilləri ilə etiraf edirdilər. Heç danışıqlarından da məcburiyyət qarşısında qalıb bu yola düşdükləri görünmürdü. Sanki zövq alırdılar müştərilərini alçaltmaqdan, onlara hədə-qorxu gəlib şantaj etməkdən.
Digər gələn xanımı susdurmaq üçün digəri sözə başladı: “Çox özünə güvənirsən. Sənin kimi biri də vardı şəklini, videosunu çəkdik.Sonra gəlib əl ayağımızdan öpürdü. Ağıllı ol, dur, çıx, get burdan”.

Öz dilləri ilə müştərilərini şantaj edən “həyat qadınlarından” daha bundan artığını gözləmək olmazdı. Ötən dəfəki yazımızda da bu ünvanda, “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyinə dair şəkillər və videofaktlarla dərc etmişdik. Lakin hüquq-mühafizə orqanları yazımızı ciddiyə almadı, heç də hərəkətlənmədi. Elə söhbəti birtəhər dağa-daşa salıb məkandan çıxdım. Fürsət tapıb bir neçə şəkil də çəkə bildim. Elə məkandan 20-30 metr aralanmışdım ki, ətrafda dolaşan polisləri gördüm.Yəqin ki, onlar da bu məkanı görürdülər. Amma niyə görməzdən gəldiklərini bilmədim. Ümidvaram, “görməyə” yox, cəzalandırmağa çalışarlar…  

Qeyd edək ki, məsələ ilə bağlı Xətai rayon 34-cü polis idarəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən sahə rəisi, polis kapitanı Abdullayev Rahib Mədət oğlunun əlaqə nömrəsini verdilər.Zəngimizi elə özü də cavabladı. Özümüzü təqdim etdikdən sonra ona sözügedən kafenin koordinatlarını bildirdim, ondan bununla bağlı məlumat verməsini xahiş etdim. O isə bundan xəbərsiz və hazırda məzuniyyətdə olduğunu bildirdi. Dediyinə görə mart ayının 1-dən artıq məzuniyyətdəymiş, lakin biz bu barədə ilk yazımızı bir neçə ay bundan öncə dərc etmişdik. Sonra isə polis kapitanı səsimizi eşitmirmiş kimi davranaraq, “alo, alo” deyib telefonu söndürdü.

Rövşən Əsədov

Cebhe.info

 

09:55